Rafiq Əliyev olayı - “Azərbaycan”da

rafiq-eliyev-olayi-azerbaycanda
Oxunma sayı: 739

Ziyalılıq meyarı

Cəmiyyətdə ziyalı missiyasına, ziyalı sözünə daim ehtiyac olub. Normal inkişaf məcrasında olan ölkələrdə ziyalının əsas vəzifəsi daşıdığı statusun mahiyyətinə uyğun olaraq, məhz ən mükəmməl ideyaların cəmiyyət həyatında tətbiqinə yardımçı olmaq, obyektiv və qərəzsiz mənəvi arbitrə çevrilmək, xalqının rifahına, dövlətinin intibahına fəal mövqeyi ilə töhfə verməkdir. Daxili və xarici təhlükələrin məngənəsində olan dövlətlərdə isə ziyalıdan tələb olunan vəzifələr daha önəmlidir. İctimai proseslərin təkanverici qüvvəsi olan ziyalılar ölkələrində baş verən olayları normal axara salmağa, hadisələri qan-qadasız başa vurmağa, milləti vahid məram ətrafında səfərbər etməyə qadir tək gücdür.
Sonuncu məqamı Azərbaycan xalqı son 20-25 ilin keşməkeşli tarixi sınaqlarında - öz taleyində yaşayıb. Ötən əsrin 80-ci illərinin sonlarında məhz ziyalılar siyasi konyunkturadan uzaq məramlar ətrafında xalqı hakim rejimin fəaliyyətinə etiraz hərəkatı ətrafında birləşdirməyə nail oldu. Fəqət, yeni başlayan azadlıq hərəkatının rəhbərliyindən əsl ziyalıların sıxışdırılması və onların qaragüruh qarşısında məcburən geri çəkilməsi nəticə etibarilə milli mücadiləmizin uğursuzluğa düçar olmasını şərtləndirdi: həm Azərbaycanda müstəqillik uğrunda mübarizə hakimiyyət naminə savaşa çevrildi, həm də etiraz hərəkatının ilkin zəmini olan Qarabağ hadisələrində məğlubiyyətlər silsiləsi başladı.
Bu amansız və faciəli proseslərin qarşısını isə yenə də ziyalılar aldılar. 1992-ci ilin sonlarından etibarən ictimai proseslərə fəal şəkildə qatılan bu zümrə təşəbbüsü ələ alaraq xalqın ən müdrik seçimini dəqiqliklə müəyyənləşdirdi və Heydər Əliyevi Azərbaycanın xilası üçün Qurtuluş missiyasını başlamağa dəvət etdi. 1993-cü ildə də məhz ziyalıların birbaşa iştirakı ilə Azərbaycanda səriştəsiz hakimiyyətin xəyanətkar qüvvələrlə əvəzlənməsi prosesinin qarşısı alındı.
Nəticə etibarilə, Azərbaycan ziyalısı yeni, müasir və qüdrətli dövlət quruculuğu prosesinin ən fəal iştirakçısına çevrildi və zaman-zaman meydana gələn siyasi kataklizm məqamlarında da sağlam mövqe sərgiləyərək xalqının və ölkəsinin müqəddəratına sahib çıxdı.
Ötən 18 il ərzində ziyalılar daşıdıqları mənəvi statusa uyğun olaraq, daim cəmiyyət həyatının bütün sahələrində ön mövqedə oldular, inkişaf prosesinə töhfə verdilər. Xalqla dövlət, ictimaiyyətlə hakimiyyət arasında sağlam ünsiyyət elementinə çevrilən ziyalılar həm də vətəndaş sülhünün formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub möhkəmlənməsində müstəsna xidmət göstərdilər.
Ziyalıların sözü eşidildi!
Ziyalıların fikirlərinə əhəmiyyət verildi!
Ziyalıların rəyləri öyrənildi!
Ziyalıların məsləhətlərinə əməl olundu!
Ziyalıların dövlət idarəçiliyinə cəlb olunması kütləvi hal aldı!
Ziyalıların sosial problemləri öz həllini tapdı!..
Ən nəhayət, ziyalıların ictimai nüfuzu yenidən özlərinə qayıtdı!
Söhbət əsl ZİYALIdan gedir. Bəli, təəssüf ki, biz artıq ziyalını da "əsl" və "saxta" kateqoriyası üzrə təsnifatlaşdırmağa məhkumuq. Hər diplomlunun, hər elmlər namizədənin özünə şəstlə "əsl ziyalı elə mən özüməm" qiymətini verdiyi günümüzdə ziyalılığın da sanki mənəvi dəyəri düşüb. Avantürizmlə saf məramın, intriqa ilə təmənnasız xidmətin, siyasi asılılıqla fərdi azadlığın arasında sərhədin əsas müəyyənləşdirici amili olan ziyalılıq missiyasına bu gün qəlbi ziyadan, niyyəti səmimilikdən uzaq olan şəxslər sahib çıxmağa cəhd edir. Onlar ziyalılar adından danışmağa, hökm verməyə, imtiyaz tələb etməyə... həvəslidirlər.
Bu kontekstdə bir məqama da diqqət çəkməyi gərəkli sayırıq. Azərbaycanın müstəqil siyasət yürütməsi, yəni postsosialist məkanın başqa ölkələri kimi vassal dövlətə çevrilməməsi, atdığı addımları fövqəlgüclərlə razılaşdırmağa ehtiyac görməməsi məmləkətimizi xeyli müddətdir ki, məlum qüvvələrin "qara siyahı"sına salıb. Bu qüvvələrin antiazərbaycançı şəbəkə ilə birlikdə uzun zamandır ölkəmizə qarşı qərəzli kampaniya aparması, üstəlik, erməni lobbisinin də bu rəzil kampaniyanın maddi-ideoloji ruporuna çevrilməsi də artıq heç kəsə sirr deyil. Ermənistanda marionet rejimi qorumaq üçün hakimiyyətə "iqtidarını xalqın etimadı ilə yox, silahınla qoru", "öz xalqına atəş aç"... göstərişlərini verənlər, yaxud digər dövlətdə etirazçıların divan tutularaq həbsə atılmasını, KİV-lərin kütləvi şəkildə bağlanmasını, müxalifətçilərin öldürülməsini "demokratiya naminə atılmış zəruri addımlar" kimi səciyyələndirənlər Arazla Kürü adlayıb bu taya keçəndə cildlərini dəyişirlər. Və başlayırlar bizə "demokratiya" dərsi keçməyə, "hüquqların qorunması" ilə bağlı məsləhətlər verməyə... Təftişlərinin də səsi Atlantik okeanın sağ və sol sahillərindən, erməni və ermənipərəst konqresmenlərin, senatorların, parlamentarilərin, "hüquq müdafiəçilərinin", jurnalistlərin... qəzəbli hesabatlarından, həyəcanlı bəyanatlarından gəlir.
O da gün kimi aydındır ki, bu antiazərbaycançı hərəkatda məlum qüvvələrin əsas istinad nöqtəsi məhz aramızdakılar - "sapı özümüzdən olan baltalar"dır. Onların son onillikdə siyasi hakimiyyətə qarşı barışmazlığı Azərbaycan xalqına və dövlətinə yönəlik düşmənçiliyə çevirmələri, hətta çəkinmədən belə bu şəbəkə ilə aşkar əməkdaşlıq etmələri, aldıqları qrantlar müqabilində ölkəmizdə iğtişaş, çevriliş cəhdləri göstərmələri barədə faktlar oxucularımıza yaxşı bəllidir. Amma, bu məqsədlərə nə "sapı özümüzdən olan baltalar", nə də onların erməni-Qərb havadarları çatıb.
Fəqət, uzun illər boyu həyata keçirməyə çalışdıqları ssenariləri indi yeni "dalğada" tətbiq etməyə ümidlidirlər. Son dövrlərdə "ərəb baharı" ilə dünyanı yenidən bölüşdürüb, varlı vassallarının sayını artırmaqla üzləşdikləri maliyyə böhranından qurtulmağı düşünən məlum dairələr bu "küləkləri" Bakıya doğru da yönəltməyə çalışırlar.
Bir həssas məqamı da unutmayaq. Azərbaycana qarşı nə qədər görünən və görünməz maneələr yaradılsa da, aşkar və gizli təxribatlar həyata keçirilsə də ölkəmiz bütün sahələr üzrə böyük inkişaf yolu keçir. Nə qədər çalışsalar da, "ərəb küləyi"nin mehi Xəzərin sol sahil zolağına gəlib yetişmir. Bunlar azmış kimi, Azərbaycan ona yaradılan diplomatik-siyasi çəmbəri qırır, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyə müvəffəq olur. Biz öyrəşmişik, uğurumuz artdıqca bizə yönələn təxribatlar da çoxalır! Nailiyyətimizin xaricdən gələn əks-sədası daim maneələr və təzyiqlərdir! Dünyanın ən ali təşkilatının söz sahibinə çevrilmək kimi möhtəşəm zəfərə nail olmağın ölkəmiz üçün bədəli antiazərbaycançı şəbəkə tərəfindən şübhəsiz ki, hökmən olacaq! Yenə də rəzil və qərəzli kampaniyalarla!
Artıq görünür ki, düyməyə də basılıb...
Və Azərbaycandakı "beşinci kolon" indi yaman fəallışıb. KİV-ləri üçün yeni "qrant krantı" açılıb, QHT-ləri milyon dollarlıq beynəlxalq "əməkdaşlıq" müqaviləsi imzalayır, siyasi təmsilçiləri Qərbin kluarlarını su yoluna döndərib... Əsas önəm verilən istiqamət isə bu prosesdə siyasi fəallığın radikal müxalifətdən siyasiləşməmiş ictimai zümrələrə doğru transformasiyasıdır. Yəni ssenarinin əsas məğzi budur ki, son bir il ərzində məlum ölkələrdə olduğu kimi, Azərbaycanda da planlanan çaxnaşmanı xalq arasında populyarlığı olmayan müxalifət yox, siyasi proseslərdə indiyədək iştirak etməyərək vətəndaşların nisbi nüfuzunu qazanan ziyalılar, gənclər, QHT təmsilçiləri yaratmalıdırlar. Göründüyü kimi, antiazərbaycançı şəbəkənin ənənəvi planında - Azərbaycanı məhv etmək məramında müəyyən təshihləri var.
Əslində, onlar da anlayırlar ki, mövcud iqtidar alternativsiz gücdür. Bu gücü möhtəşəm qüdrətə çevirən amil isə siyasi fəallığı olan əhali ilə bahəm, həm də siyasi proseslərdən uzaq olan insanların - ziyalıların, gənclərin, QHT təmsilçilərinin... mütləq əksəriyyətinin məhz Prezident İlham Əliyevə böyük etimad bəsləməsi, ölkə rəhbərinin həyata keçirdiyi islahat kursunu dəstəkləmələridir.
Beləliklə, müstəqil ziyalılardan, gənclərdən, QHT təmsilçilərindən narazı elektorat formalaşdırmaq mümkünsüzdür. Fəqət, ortada Azərbaycanın Ermənistan qarşısında gücünü zəiflədərək onu vassal dövlətə çevirmək barədə tapşırıq, bunu həyata keçirmək üçün ayrılan on milyonlarla vəsait, bu vəsaitə tamah salan siyasi dəllallar, "qəzetəçi rza bəylər", erməni mənşəli "hüquq müdafiəçiləri"... var! Bu var olanlar isə Azərbaycanın bugünkü varlığını istəmirlər və hərəkətə keçiblər!
İndi məmləkətimizdə kütiləvi şəkildə imitasiya prosesi gedir: siyasi partiyaların üzvü, yaxud da təəssübkeşi olan diplomlulardan "müstəqil ziyalılar" ordusu yaradılır, müxalifət təşkilatlarının gənclərindən "siyasətdən uzaq, amma narazı gənclər qrupları" formalaşdırılır, qrant iyinə darışanlardan isə "qeyri-dövlət sektorunun təmsilçiləri" düzəldilir.
Qondarma, bayağı, saxta imitasiya prosesi!
Ayrılan pulun miqdarı bunları elə məst edib ki, biriləri artıq özlərini prezident kürsüsündə görüb, psixoloji disponserin Napoleonları sayaq "xalq məni bu vəzifəyə dəvət etsə, etirazım olmayacaq" bəyanatını verir, digərləri "baş nazirliyə iddialıyam, amma milli maraqlar naminə kompromisə gedib, spikerliyə də razılaşaram" deyirlər. Bəli, bunları artıq əqidələri və vicdanları ilə yanaşı, normal təfəkkürləri də tərk edib!
"İnqilab aslanları" əslində, zavallı ruh xəstələrinə çevriliblər!
Bu qüvvələr fəaliyyət meydanı kimi Ziyalılar Forumu adlanan qurumu hədəf seçiblər. Əvvəldən qeyd edək ki, təmtəraqlı adına baxmayaraq, bu forumda nə əsl ziyalıların, nə də özünü ziyalı adlandıran diplomluların heç on mində biri də toplaşmayıb. Yəni, nə təmsilçilik göstəricilərinə, nə nüfuz səviyyəsinə görə, nə də apardıqları müzakirələrin səmərəliliyi və ümumi proseslərə yardımı baxımından bu qurum özünə cəmiyyətdə maraq yaradıb. Amma əvəzində son günlər "stəkanda elə fırtına törədib" ki, biz də bu mövzuya toxunmağı lüzum bildik.
Forumda cəmiyyətin ağlı-qaralı bütün təbəqəsinin təmsilçiləri var: şair və yazıçılardan tutmuş siyasi xəyanətə görə hakimiyyətdən qovulan məmurlara, iqtidardan şəxsi mənafeyinə görə incik düşənlərdən başlayaraq etimadını itirən funksionerlərə, elm xadimlərindən rüşvətxor imicli alimlərə qədər hər kəs! Əslində, sadaladığımız zümrələr içərisində olan və şair, yazıçı, alim kimi dəyər verdiyimiz insanlar forumun tərkibinin cüzi hissəsini təşkil edir. Onların buradakı fəaliyyəti yalnız müşahidəçiliklə məhdudlaşır və bir də müzakirə olunan mövzular barədə öz rəylərini bildirməklə kifayətlənirlər.
Qurumda təmsil olunan mütləq əksəriyyət isə Ziyalılar Forumunu radikal müxalifətin yeni koalisiya formatı kimi yaradaraq onu siyasi mübarizə vasitəsinə çevirən insanlardır. Onların arasında da alimi, şairi, yazıçısı, müəllimi, jurnalisti var. Amma onları birləşdirən ortaq nöqtə məhz mövcud iqtidara olan subyektiv baxışlarıdır. Bəziləri, yuxarıda vurğuladığımız kimi, siyasi riyakarlığa görə iqtidardan qovulub, biriləri artıq hakimiyyətin etimadını itirib, digərləri mandat nisgilinin ağrısı ilə qovrulur, hətta içərilərində "bu iqtidar vaxtilə mənə ayırdığı 20 sot torpaq sahəsində tikilməyinə də kömək etdiyi dördmərtəbəli villamın həyətinə niyə indi su quyusu çəkmir" təmənnası ilə küskünə çevrilənlər də var. Biri ona ayrılan 6 mənzillə kifayətlənməyərək, "mənim xidmətlərim qarşısında azından 10 evim olmalıdır" iddiasını bəyan edir. Digəri, teatrına bilet satışının təşkil olunmamasına görə narazı qalıb. Başqa biri, kitabının çapının dövlət hesabına nəşr qrafikinə niyə hər il yox, iki ildən bir düşdüyündən rəncidədir. Aralarında şəxsi bizneslərinə gömrükdən və vergidən xüsusi güzəşt tələb edən və bu qanunsuz istəkləri rədd olunduqlarına görə asiyə çevrilənlər də çoxdur.
Sabiqlərin qəzəbi isə meydanda lap cövlan edir. Vəzifə, mandat qazananadək hansı səviyyədə (həm maddi, həm də mənəvi) yaşamalarını anidən unudaraq, 10 il, 15 il ərzində gördükləri maddi-mənəvi iltifatların üstündən qapqara xətt çəkərək bir günün içində düşmənə çevrilənlər əslində, sübut edirlər ki, iqtidar onlarla yollarını ayırmaqda düz edibmiş. Çünki onların sədaqəti ancaq vəzifə və bu vəzifə ilə qazandıqları varidatla hüdudlanır!
Bu, buqələmunluqdur! Yəni, maddi təmənnaya görə siyasi rəngini dəyişmək!
Və bu sabiqlər vaxtilə erməni lobbisinin qulluqçuları kimi ittiham etdikləri insanlarla artıq qol-boyun olublar. İndi görəsən, nə dəyişib?..
Sabiqlər, küskünlər, narazılar, radikallar, qrant düşkünləri, işsizlər, avantüristlər, macəraçılar... birləşiblər və Azərbaycan iqtidarı ilə ultimatum dili ilə danışmaq istəyirlər.
Yazıqlar olsun sizə!
Heç sizin ağalarınız, heç ağalarınızın ağaları belə bu iqtidara, Prezidentə nəinki səsini qaldıra bilər, heç "sən" deyə xitab edə bilməz!
Və etmir də!
Sizlər bu iqtidarla milli maraqların deyil, şəxsi mənafeyinizin davasını aparmaq istəyirsiniz!
Siz iqtidardan yalnız və yalnız mandat, vəzifə, yeni imtiyazlar, güzəştlər istəyirsiniz! Bunlar ürəklərinizdən hər saat, hər dəqiqə keçən arzular, diləklərdir, dilinizə gətirdiklərinizə isə heç özünüz də inanmırsınız!
Forum gündə bir bəyanat verir. Amma saysız-hesabsız bəyanatların birində, nəinki birində, heç bir sətrində belə Qarabağ ağrısından bəhs edilmir, 1 milyon qaçqın-köçkünün dərdindən, hüquqlarından bəhs edilmir!
Arşalyuz Barseqyanın gəlinin köçürülən evi üçün yaxa cıran "ziyalılar" bu qadına verilən külli miqdarda kompensasiyanı yetərli saymadılar, şikayətlərini göndərmədikləri bir Avropa təşkilatı da qalmadı. Amma ərazilərimizin 20 faizində dağıdılan, yandırılan, talan edilən on minlərlə evin taleyinə biganə qaldılar, bu məsələni bir qərbli ilə də müzakirə etmədilər!
Əsl ziyalı öncə millətin dərdi ilə, acısı ilə yanar, yaşayar! Bu millətin Qarabağdan böyük dərdi yoxdur! Başqa dərdlər isə Qarabağ acısının yanında heç nədir! Ziyalılar Forumu bu zülm barədə, bu milli fəlakət haqqında bir cümlə də etiraz etməyə, on dəqiqə də müzakirə açmağa vaxt tapmadı! Çünki bəyanatlarınızın cümlələri də, müzakirələrinizin mövzuları da xarici sifarişçilərinizdən gəlir!
Son günlər professor Rafiq Əliyevin ADNA-nın kafedra müdirliyindən uzaqlaşması ilə bağlı müzakirələr də süni ajiotaj xarakteri alıb. Rafiq müəllim Azərbaycanın tanınmış alimlərindəndir, elmi fəaliyyəti mövcud iqtidar tərəfindən daim rəğbətlə qarşılanıb. Ona etimad göstərilib, dövlətin təşəbbüsü ilə həyata keçən bir çox təhsil layihələrində aparıcı şəxs olub. Onun barəsində qəbul olunan qərarı ali təhsil müəssisəsi daxilindəki proseslər kontekstindən çıxararaq, ümummilli siyasi problemə çevirmək cəhdi bayağı olduğu qədər də çirkin və qərəzli aksiyadır.
Bəli, Rafiq Əliyevi mövcud iqtidarın təəssübkeşi saymaq olmaz. Amma buna görə onu işdən xaric etmək barədə söylənən rəy olduqca gülünc görünür. Azərbaycan demokratik ölkədir, insan hüquqlarının bütün istiqamətləri, o cümlədən fikir plüralizmi də ölkəmizdə tam gücü ilə qorunur! Digər tərəfdən, ali məktəblərdə bu iqtidarın siyasi fəaliyyətini dəstəkləməyən və müxalifət partiyalarının üzvü olan onlarla kafedra müdiri, dekan, professor var. Onlara qarşı belə münasibət yoxdursa və müxalifətçi alimlər bu barədə indiyədək şikayətlənməyiblərsə, deməli, elm xadimlərinin siyasi mövqelərinə görə sıxışdırılması barədə söylənilənlər də yalandır, cəfəng və təsdiqini tapmayan ehtimaldır!
Ortada ADNA rəhbərliyinin rəyi də var. Onlar bildirirlər ki, professor Rafiq Əliyev ali məktəbin nüfuzlu müəllimlərindəndir, daim ona hörmət, hətta güzəşt ediblər, amma kafedra müdiri vəzifəsini daşıyan şəxsin hüquqi öhdəlikləri var: iş yerində mütəmadi olmaq və iş prosesinə birbaşa rəhbərlik etmək. Bu məsələdə istisna olmaz. Akademiya rəhbərliyi bəyan edir ki, indiyədək Rafiq müəllimə dəfələrlə güzəşt ediblər, amma nəticədə kafedranın işi iflic vəziyyətinə düşüb, tədris prosesi ciddi ziyan görüb, müəllim kollektivi arasında qeyri-səmimi mühit formalaşıb.
Bunlar akademiya rəhbərliyinin rəyidir, amma etiraf edək ki, haqlı iraddır! Azərbaycanda indi 1993-cü il deyil ki, prezidentdən, nazirlərdən, icra başçılarından tutmuş kafedra müdirlərinə qədər yüzlərlə insan vəzifələrini dondursunlar və hesab etsinlər ki, "dona" baxmayaraq işlər yağ kimi gedəcək. Rəhbər - harada işləməsindən asılı olmayaraq - kollektivə birbaşa rəhbərlik etməlidir! ADNA-dan onu da bildirirlər ki, R.Əliyev akademiyanın müəllimi, professoru olaraq qalır, hətta mühüm bir proqram-layihədə rəhbərliyini davam etdirəcək! Nə isə, bu mövzuda geniş müzakirə açmağa ehtiyac yoxdur. Çünki, ən azından Rafiq Əliyev hüquqlarının pozulduğunu iddia edirsə, məhkəməyə müraciət etmək haqqına sahibdir!
Amma Rafiq Əliyevin belə iddiası da yoxdur. O, bu məsələyə heç reaksiya da verməyib. Amma əvəzində "inqilaba", "çevrilişə" zəmin hazırlamaq üçün milyonları alıb amma buna bəhanə tapmayıb, indi baş sındıranlar ortaya düşüblər. Tunisdə göyərti satanın özünü yandırması oradakı qaragüruha necə təsir edibsə, bizimkilər də professorla bağlı məsələni belə həyəcan və ehtirasla dəyərləndirirlər.
Sanki bu millətin Qarabağ dərdi, torpaqlarının 20 faizinin işğalının ağrısı yoxdur! Sanki bu millətin bir problemi var, o da Rafiq müəllimin 3-4 işindən birini itirməsidir!
Bəli, Azərbaycanda professor Rafiq Əliyevin hüquqları kobud şəkildə pozulub və hazırda da pozulur!
Rafiq Əliyevin doğulduğu rayon - Ağdam işğal altındadır, professor öz doğma rayonuna, kəndinə getmək hüququndan məhrumdur!
Rafiq Əliyevin doğulduğu və ona məxs
us olan ev təcavüzkarlar tərəfindən talan edilib, professorun mülkiyyət hüququ pozulub!
Rafiq Əliyevin ailə üzvlərinin, qohumlarının, əzizlərinin də bu cür hüquqları vəhşicəsinə tapdanıb!
Rafiq Əliyevin bu məmləkətdə bir hüququ pozulub - onun Ağdamı hələ də işğaldadır!
Ziyalılar Forumu professorun bu hüququnun təmini üçün çalışsa, əmin olun ki, Rafiq Əliyevə daha çox xidmət etmiş olar!
Fikrimizcə, Rafiq müəllimin də bizdən və sizdən ən böyük təmənnası məhz budur!
Ziyalılar daim siyasi münasibətlərin fövqündə dayanmağı bacarmalıdırlar. Qaragüruh əxlaqından, fürsətçillikdən, mövqe dəyişkənliyindən, avantürizmdən uzaq olaraq əsl vətəndaşlıq missiyasını yürütmək ziyalının yeganə fəaliyyət amalı olmalıdır! Amma cəmiyyətdə hər hansı bir yanlışlıq olarsa, mənəvi aşınma prosesi başlayarsa, ziyalı susmamalıdır! Ümumiyyətlə, ziyalılar heç vaxt susmamalıdırlar! Lakin danışmaq xatirinə qışqırmaq da ziyalılıqla uzlaşmır. Yalan danışmaq isə nəinki ziyalılıqla, heç insanlıqla da bir araya sığmır...
Ziyalılıq meyarı bunu tələb edir!