Rafiq Tağı ilə bağlı ekspertiza rəyi

rafiq-tagi-ile-bagli-ekspertiza-reyi
Oxunma sayı: 690

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev cümə axşamı Trend-ə bildirib ki, Rafiq Tağının ölümünə səbəb döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları və bununla bağlı keçirilmiş cərrahi əməliyyatdan sonra inkişaf edən süst gedişli peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası, eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarkdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində kəskin ürək-ağciyər çatışmazlığı olub.

Noyabrın 19-da gecə 23:10-da təcili tibbi yardım xidməti tərəfindən 1950-ci il təvəllüdlü Tağıyev Rafiq Nəzir oğlu döş qəfəsinin və qarının çoxsaylı deşilmiş-kəsilmiş yaraları və kəskin qanaxma ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.

Xəstə dərhal əməliyyata götürülüb, zədələnmiş dalaq xaric edilib, diafraqma və digər yaralar cərrahi işlənərək tikilib. Cərrahi əməliyyatdan sonra reanimasiya şöbəsində aparılan intensiv kompleks müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşib, o, palataya keçirilib.

Lakin noyabrın 23-də saat 14:50-də xəstənin vəziyyəti qəflətən pisləşib, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş verib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.