Rafiq Tağının ailəsi istintaqı məhkəməyə verdi

rafiq-taginin-ailesi-istintaqi-mehkemeye-verdi
Oxunma sayı: 633

Yanvarın 12-də vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, artıq şikayət ərizəsi Nəsimi Rayon Məhkəməsinə təqdim olunub.

Vəkilin sözlərinə görə, şikayətdə Rafiq Tağıya qarşı sui-qəsdlə bağlı səmərəli araşdırmanın aparılmaması, ailənin hüquqlarının təmin olunmaması və başqa məsələlər əksini tapıb: “Biz həkimlərin əməlində cinayət tərkibi olub-olmadığının araşdırılması üçün prokurorluq qarşısında vəsatət qaldırmışıq. Vəsatətimizə heç bir cavab verilməyib. Nəsimi məhkəməsinə etdiyimiz şikayətə həkimlərin məsuliyyəti məsələsini də daxil etmişik”.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə aparılır.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yekun ekspertiza rəyində deyilir ki, yazıçının ölümünə səbəb döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları və bununla bağlı keçirilmiş cərrahi əməliyyatdan sonra inkişaf edən süst gedişli peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası, eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarktdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində kəskin ürək-ağciyər çatışmazlığı olub.

Rafiq Tağının ailəsi ekspertiza rəyi, yazıçının bıçaqlandığı ərazidə olan videokameraların yaddaşından məlumatların götürülməsi, ərazidə qeydə alınmış telefon danışıqlarının yoxlanması kimi məsələlərlə bağlı vəsatətlər qaldırsa da, prokurorluq onlara heç bir məlumat verməyib. Ailə bunu öz hüququnun pozulması kimi qiymətləndirir. Vəkil Elçin Sadıqov eyni zamanda prokurorluğun Rafiq Tağının həyat yoldaşını zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımadığını, onun ifadəsini almadığını vurğulayır. Vəkil bunu ciddi nöqsan sayır.