Rafiq Tağının ailəsinin şikayəti geri qaytarıldı

rafiq-taginin-ailesinin-sikayeti-geri-qaytarildi
Oxunma sayı: 660

Vəkil Elçin Sadıqov yanvarın 30-da “Media forum” saytına açıqlama verib. O deyib ki, yazıçı Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən verdiyi şikayət ərizəsi geri qaytarılıb: “Nəsimi Rayon Məhkəməsi yanvarın 25-nə hazırlıq iclası təyin etmişdi. Amma həmin gün bizə bildirdilər ki, yanvarın 17-də şikayəti geri qaytarıblar. Səbəbini soruşanda məhkəmə baxışının səhvən təyin olunduğunu dedilər. Biz həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişik”.

Ailənin şikayətində Rafiq Tağıya qarşı sui-qəsdlə bağlı səmərəli araşdırmanın aparılmadığı, ailənin hüquqlarının təmin olunmadığı iddia olunurdu. Nəsimi məhkəməsinə şikayətdə həkimlərin məsuliyyəti məsələsi də yer alırdı.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.