Rafiq Tağıya son arzum!

rafiq-tagiya-son-arzum-
Oxunma sayı: 655

Reanimasiyadan ilk görüntülər oradan yayıldı. Jurnalistlərdən bir neçə dəqiqəlik görüşdən sonra bayıra çıxmalarını xahiş etdik, çünki Ragiq Tağı hələ ekstubasiya (nəfəs yollarından intubasion borunun xaric edilməsi) edilməmişdi, çox narahat idi. Bütün bunlara baxmayaraq jurnalist dostlarını tanıdı, əli ilə onları salamladı, hadisə haqda jestlərlə məlumat verdi. Çoxlu qan itirmiş, ağır cərrahi əməliyyatdan çıxmış, hələ tam özünə gələ bilməmiş, güclü ağrıları olan bir “xəstənin” bütün iztirablarını dəf edərək, süuri elementlərinə induksiya verərək öz həmkarlarını bu cür qarşılaması onun bir şəxsiyyət kimi gücünü göstərir.
Jurnalistlər reanimasiyadan çıxandan sonra reanimatoloqla birgə onu ekstubasiya etdik, oksigen maskası verdik, ağrıkəsici vuruldu, xeyli rahat oldu. Sağollaşıb çıxdım. Özü büruzə verməyə çalışmasa da vəziyyətinin ciddi olduğuinu bilirdim.

Rafiq Tağı xəstəxana üçün növbəti xəstə sayılırdı, əslində isə özü də həkim idi, peşəsi xəstələri şəfa vermək idi. Bu gün xəstələrə şəfa verən minlərlə həkim var. Lakin Rafiq bəyin sosial faydalılıq əmsalını qətiyyən onun ixtisası ilə bağlamazdım. Onun 2-ci, diplomsuz, sıravi həkimi Rafiq Tağıya çevirən bir sənəti onu həkimlərin sırasından çoxdan seçmişdi. O cəmiyyətin xəstəliklərinə qarşı mübarizə aparan səmimi fikir, məslək adamı idi. Ona görə də o bir palataya, xəstəxanaya sığışmırdı.
Rafiq Tağı həqiqətə qurban gedən həqiqət axtaranlardan idi. Amma o taleyin ölüm hökmü qarşısında həqiqəti danmadı, sınmadı, həqiqətə qurban getdi.
Rafiq Tağı böyük istedad sahibi idi, həmişə düşündüyünü yazırdı, yazdıqlarının da bir qismi zamanın dəyərlər sisteminə sığışmırdı, təlatümlər yaradırdı, stereotipləri çalxalayırdı. O ehkamları, stereotipləri, şablonları dağıtmağı bacarirdı, onun gücü də ondaydı.
Rafiq Tağı imtiyazlı və xəcalətli həyatı deyil, fədakar, məhrumiyyətli həyatı yaşamağı üstün tutdu. Bu da onun ürəklərdə abidəsi olacaq. Bizim üçün və gələcək nəsillər üçün.

Ən böyük, ağır və gizli cinayətlər məntiqlə açılır. Həmin məntiqlə də Rafiq Tağı qətlə yetirilib. Nə idi onun suçu. Onun suçu mifləri uçurmaq, ehkamları dağıtmaq gücündə olan azad, səmimi və dərin məntiqli düşüncələrini qələmi ilə ictimailəşdirə bilməsi idi. Azad söz ən güclü silahdır, suçluların, haqq düşmənlərinin, haqqa qənim kəsilən yırtıcıların ən çox qorxduğu silah.

Ötən ilin avqustunda 60 yaşı tamam olanda ona təbrik yazmışdım. Amma tezliklə onun belə taleyini heç birimiz gözləmirdim. O şəhid oldu.
Rafiq Tağı azad sözün şəhididir! Haqqın əsgərlərinin hər biri potensial şəhidlərdir.
Ruhun şad olsun dəyərli dostum və həmkarım. Allah sənə heç olmasa axirətdə rəhm etsin.

Dərin kədər hissi və sayğılarla
Adil Qeybulla