Ramazan bayramında məscidlərdə hansı tədbirlər olacaq?

ramazan-bayraminda-mescidlerde-hansi-tedbirler-olacaq
Oxunma sayı: 923


“Qafqazinfo”nun xəbərinə görə, modern.az saytı bir neçə Bakıdakı məscidlə əlaqə saxlayaraq onların Ramazan bayramında hansı tədbirlər görəcəyi ilə maraqlanıb. 

Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bildirib ki, bu bayramda hər zaman olduğu kimi, ehtiyacı olanlara yardım edəcəyik: “Ramazan ayı boyunca məscidimizdə hər gün olmasa da, müəyyən günlər iftar süfrələri təşkil olunub. Bayram günü yəqin ki, səhər saatlarında  bayram namazı (bayram namazının vaxtı dəqiqləşəcək) qılınacaq. Fitrə və zəkat toplanıb kimsəsiz ailələrə, ehtiyacı olan insanlara veriləcək. Bəzən biz əllilər evini, kimsəsiz uşaqları ziyarət edirik. Bəzi hallarda da şəhid məzarlarına gedirik. Şəhid ailələrinin ziyarəti mütəmadi olur. Hətta bir neçə şəhid ailəsi məscidin himayəsindədir”.

“Göy məscid”in axundu Hacı İlham Adiloğlu da deyir ki, onlar bayram namazı qılıb, fitrə-zəkat toplayacaqlar: “Məscidimizdə müəyyən günlər iftar süfrələri veririk. Artıq Qədr gecələri başlayıb. Qədr gecələrinin qayda-qanunlarına əsasən məscdimizdə müəyyən tədbirlər keçirilir. Axşamdan səhərə qədər tədbir olur. Qədr gecələrində iftar və imsak süfrələri açılır. Dövlət səviyyəsində elan olunan iki günlük bayram bizdə də qeyd olunacaq. Həmin gün bayram namazı qılınacaq. Namaz qılmağa gələn möminlər hər kəs öz fitrəsini çıxarır. Bizdə onu imkansız adamlara aparıb veririk”. 

“İlahiyyat” məscidinin axundunun köməkçisi Ağalar Seyidov deyir ki, onlar bütün Ramazan ayı başlayandan iftar süfrələri təşkil edirlər: “Biz Ramazan ayı başlayandan təşkil etdiyimiz iftar süfrələrini bu ayın sonuna qədər davam etdirəcəyik”.