Ramazanda ürəyi yoran 8 səhv

ramazanda-ureyi-yoran-8-sehv
Oxunma sayı: 2316


“Qafqazinfo” milli.az-a istinadən bu xətaları təqdim edir. 

1. Həkimlə məsləhətləşmədən oruc tutmaq 

Xroniki xəstəliyi olanlar oruc tutmazdan öncə mütləq müayinə olunmalıdırlar. "Xroniki xəstəliyi olan kimsə oruc tutmaz" demək də doğru deyil. Məsələn, qan təzyiqi çox yüksək olan adam gündə bir dəfə iynə vurduraraq, iftarda duzlu, ağır və çox yeməkdən qaçaraq, kifayət qədər su içərək rahatlıqla oruc tuta bilər. Sadəcə, bu zaman həkimlə məsləhətləşməli və qan təzyiqinin "oynamaması" üçün onun məsləhətlərinə əməl etməlidirlər. 

İnfarkt keçirən şəxslər, ürək problemi ilə əlaqəli olaraq xeyli dərman qəbul edənlər, həmçinin ürək çatışmazlığından əziyyət çəkənlər isə ümumiyyətlə oruc tutmamalıdırlar. 

2. Su əvəzinə qazlı, duzlu və ya şirin içkilər içmək

İftarda yeməyə başlamadan öncə 1 və ya 2 stəkan su içmək gərəkdir. Bu, bütün gün ərzində itirilən mayenin yerinin doldurulması və doyma hissinin yaranması üçün vacibdir. 

Qazlı içkilər diafraqmanı ürəyə doğru sıxır, nəticədə ürək ritmi pozulur və nəfəs daralır. Duzlu içkilər (ayran, pomidor şirəsi və s.) qan təzyiqini yüksəldir. Şirin içkilər qandakı şəkəri artırır, metabolizmin pozulmsına səbəb olur.  

3. Bol ədviyyatlı və un məhsulları yemək 

İftar süfrəsində kolbasa, sosiska, sucuq, duzlu yeməklər yemək xüsusilə qan təzyiqi yüksək olan və ürək çatışmazlığı olan adamlara ciddi təsir edir. Bunlar hipertensiv krizis (qan təzyiqinin həddən artıq yüksəlməsi), infarkt, ağciyər ödemi kimi durumlara gətirib çıxara bilər. 

4. Yalnız bir dəfə yeyib, sahura qalxmamaq

Sahura qəlxmamaq üçün axşam yatmazdan öncə çox yemək, sahurda sadəcə su içib yatmaq xüsusən yayda, təxminən 18 saat ac qalmağa, metabolizmin zəifləməsinə səbəb olur. Uzun zaman ac qalarkən qandakı şəkərin miqdarı azalır, maye və duz itirincə qan təzyiqi aşağı düşür. Buna görə sahura qalxmaq vacibdir. 

5. Sahurda ağır təamlar yemək

Sahurda yağlı və ağır qidalar yeyərkən metabolizmin sürətinin aşağı olması səbəbindən yedikləriniz tez bir zamanda piyə çevrilir, mədənizə yük düşür və ona problem yaradır. Sahurda çox şirin qidalar qandakı şəkəri sürətlə qaldırır, sonra isə sürətlə aşağı salır, bu isə sabahı gün daha çox aclıq hiss etmənizə, qandakı şəkərin daha sürətlə enməsinə səbəb olur. Qandakı şəkər sürətlə enən zaman isə orqanizm onu düzəltməyə çalışır, ürək daha tez-tez döyünür, damarlar sıxılır. Nəticədə aritmiya yaranır, qan təzyiqi qalxır, ürək nahiyəsində ağrılar baş qaldırır, hətta infarkt riski də yaranır. 

Ağır yeməklərdən sonra qan axını mədə və bağırsaqlara yönəldiyindən ürəklərində damar tıxanıqlığı olanlarda ürəyin qidalanmasını pozur və yenə də ürək ritminin pozulmasına səbəb olur. 

6. Qan təzyiqini sürətli qaldıran qidalar yemək və tələskənlik

İftar süfrəsində ən böyük xətalardan biri çox sürətlə, az zamanda çox yemək yeməkdir. Bu, ürək və beyinə qanın axınının azalmasına, nəticədə ürək ağrısına və ürəkgetməyə səbəb ola bilər. Mədə də ürəyi basınca aritmiya yarana bilər. 

7. İftardan sonra ard-arda siqaret çəkib çay içmək 

Qarnı doyurduqdan sonra ard-arda siqaret çəkərkən nikotinin təsiri ilə qan təzyiqi yüksəlir, ürək döyüntüləri artır. 

Damarlar büzüşdüyündən ürəkdə ağrılar və infarkt əmələ gələ bilər. Həddən artıq və tünd çay içilməsi də zərərlidir. Çay orqanizmin qidadan aldığı dəmiri həzm etməsini əngəlləyir, nəbzi sürətləndirir, qan təzyiqini qaldırır. Sidikqovucu effekti sayəsində isə onsuz da mayeyə ehtiyacı olan bədəni susuz qoyur. 

8. Ağır idman etmək 

İftardan sonra idman salonuna getmək, futbol oynamaq və digər fiziki yüklər ürəkdə ritm pozulmasına və infarkta səbəb olur. Xüsusilə yay aylarında oruc tutarkən ağır fiziki yüklərdən uzaq durun. İftardan sonra sadəcə gəzintiyə çıxın. Bu, həm yediyinizin həzm olunmasına, həm də yuxunuzun keyfiyyətinin artmasına səbəb olacaq. 

Allah orucunuzu qəbul eləsin!