Ramil Usubov Korrupsiya qanunu pozub

ramil-usubov-korrupsiya-qanunu-pozub-
Oxunma sayı: 1835

Dünən “Qafqazinfo” portalında Azərbaycanın daxili işlər naziri Ramil Usubovun öz oğluna Daxili İşlər Nazirliyində yüksək vəzifə verməsi haqda xəbər vermişdik. Məlumat beləydi ki, nazir böyük oğlu Emil Usubovu nazirliyn Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi təyin edib. Bu təyinat bu günlərdə baş verməsə də, ictimaiyyət məlumatsız olduğu üçün biz bu məqamı xəbər çevirmişdik. Artıq dünəndən bəri sözügedən xəbər həm maraqla qarşılanmaqda, həm də bu hadisəyə reaksiyalar gəlməkdədir.

Hüquqşünas Müzəffər Baxış “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əslində daxili işlər nazirinin öz oğlunu tabeliyində olan qurumda vəzifəyə təyin etməsi “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun pozulması deməkdir.

Onun sözlərinə görə, sözgedən qanunun 7-ci maddəsində açıq şəkildə yazılıb ki, yaxın qohumların birgə işləməsi yolverilməzdir.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsində deyilir:

Yaxın qohumların birgə işləməsinə yol verilməməsi

7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər” .

Müzəffər Baxış bildirir ki, maddədəki istisna hallarının nədən ibarət olması qanunda konkret şəkildə göstərilməyib: “Buna baxmayaraq, insan hüquqlarının qorunması ilə bağlı bir dövlət orqanında belə hala yol vermək birmənalı şəkildə yolverilməzdir” .

Onun sözlərinə görə, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda qeyd olunan maddənin pozulması təkcə Ramil Usubovla bağlı deyil. Hüquqşünas Azərbaycanın bir çox dövlət orqanlarında bu halın mövcud olduğunu, onlarla belə faktı sadalamağın mümkünlüyünü də diqqətə çatıdırb.