Ramil Usubova müraciət olundu

ramil-usubova-muraciet-olundu
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, müraciətdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, təşkilatın Nizami rayon Qadınlar Şurasının sədri və həmin rayon ərazisində yaşayan Xəlilova Kəmalə Kamal qızına naməlum şəxslər tərəfindən edilən təhdidlərlə bağlı narahatlıq ifadə edilib. Müraciətdə həmçinin AXCP fəalına tanımadığı iki nəfər şəxsin ictimai fəaliyyətinə son qoyması ilə bağlı hədə-qorxu gəldikləri, davam edəcəyi təqdirdə çətinliklərlə üzləşəcəyi qeyd olunub: “Kəmalə Xəlilova AXCP-nin fəaliyyətində iştirak etdiyi üçün anonim zənglərlə hədələnib. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyada nəzərdə tutulan yığıncaqlar və birləşmək azadlığı hüququndan istifadə etdiyinə görə təqib olunur. Bu proses son günlər ardıcıl xarakter alıb. Biz baş vermiş hadisənin Xəlilovanın siyasi fəaliyyət imkanlarının məhdudlaşdıırlmasına yönəldiyini qeyd edərək, bunu Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş - hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna qarşı yönəldiyini bildiririk. Eyni zamanda bu hadisənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinin (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə) pozulmasına yönəldiyini, bununla da cinayət məsuliyyəti yaratdığını qeyd edirik”.

SAMA Xəlilovaya qarşı təhdidləri siyasi xarakterli hesab edərək, onun Azərbaycan Respublikası Konstitusiyası və müvafiq qanunları əsasında hüquqi müdafiəsinin təşkil olunmasını vacib sayır. Bu hadisəni kobud qanun pozuntusu hesab edərək, ağır nəticələr verəcəyini bildiriblər: “Xahiş edirik ki, öz səlahiyyətnizə uyğun olaraq, Xəlilovaya yönələn təhdidlərin qarşısının alınması və bu əməlləri törədən şəxslərin qanun qarşısında cavab verməsi üçün tədbirlər görəsiniz”.