Ramil Usubovla İsmayıl Ömərovdan üzr istəyirəm...

ramil-usubovla-ismayil-omerovdan-uzr-isteyirem-
Oxunma sayı: 704

Bu gün həmin stildə daha bir xəbər vermişik. Ki, İsmayıl Ömərov uşaq Eurovizionuna öz nəvəsini göndərib. Hiss olunur ki, yenə də heç kəsdən səs çıxmır...

Təkcə bu iki xəbər deyil. Dəyərli oxucuların yadındırsa, mənim rəhbərlik etdiyim saytda belə xəbərlər çox olub. Yəqin bundan sonra da olar (amma əslində olmamalıdır).

Bu o demək deyil ki, mən Azərbaycana uçan boşqabda-zadda gəlmişəm və belə tərbiyəsizlikləri görəndə təəccüblənirəm. Yaxud özüm Avropa dəyərlərini mənimsəmişəm, indi gəlib bu gerizəkalılığı görüb “Müsibəti Fəxrəddin”ə çevrilməkdəyəm.

Yəni biz balqabaq zad deyilik, bu ölkədə nə baş verdiyi yaxşı bilirik. Heç mənim nə İsmayıl Ömərov, nə də Ramil Usubovla şəxsi qərəzliyim, onları vurmaq fikrim də yoxdur. Bəlkə də, İsmayıl Ömərovun yerinə tutaq ki, Pirqulu Həsənov olsaydı, nəvəsini yox, elə öz övladını göndərərdi müsabiqəyə. Ramil Usubovun da yerinə olan adam yəqin ki, indi oğlunu Vilayət Eyvazovun yerinə qoymuşdu... O mənada biz bu adamlara təşəkkür etməliyik ki, idarə rəisliyi və nəvə ilə yekunlaşıblar...

Söhbət fərdlərin deyil, cəmiyyətin əxlaq göstəricilərindən, ictimai şüurundan, məsələlərə yanaşmasından gedir. Axı bizim özümüz toplum olaraq Ramil Usubovuq, Ziya Məmmədovuq, İsmayıl Ömərovuq, Cahangir Məmmədliyik. Ona görə də, Ramil Usubovun yaxasından yapışıb deyə bilmirik ki, ay nazir, sən niyə oğluna öz yanında idarə rəisi vəzifəsi həvalə eləyibsən? Ayıbdır axı... Hətta bu sözü ona hakimiyyət nümayəndələri yox, demokratik düşərgə adını mənimsəmək istəyən müxalifət də deyə bilməz. Əbəs deyil ki, mən Ramil Usubovun oğlu ilə bağlı yazı yazanda bu ölkədə iqtidara ümid eləyən Ümid Partiyasının sədri, demokratiya carçılarından biri İqbal Ağazadə ilə danışdım. Elnur Astanbəylinin sözü olmasın, bəyə dedim a bəy, bəs bu nə biabırçılıqdır. Qayıtdı ki, bəs Azərbaycanda belə şey adi haldır. Abel Məhərrəmov BDU rektorudur, yəni büdcədən maliyyələşir, amma qardaşı Hesablama Palatasında sədr müavinidir. Davam etdi ki, yeri gəlmişkən, Hesablama Palatasının sədri Heydər Əsədov nazir Ziya Məmmədovla qudadır. Bu adam tutaq ki, gedib onun nazirliyini necə ədalətli şəkildə yoxlaya bilər? Dedim a bəy, yaxşı mövzudur, gəl bir müsahibə eləyək. İqbal Ağazadə yaxşı dedi, amma telefonu bir həftədir qapadıb... Çünki, o da bu cəmiyyətin müxalifətidir...

Axı bizim müxalifət nəyə görə qəbul etmir ki, ayda iki dəfə küçələrə çıxıb “Azadlıq”, “İstefa” şüarları qışqırmaqla bu məfhumları özündən də, cəmiyyətdə də qaçaq salırlar. Belə şüarı səsləndirənləri 20 ildir bütün cəmiyyət, ətrafları, partiyadaşları tərk eləyə-eləyə gedir. Heç kim bu gün lazımsız görünən sözləri eşitmək istəmir.

Amma yenə də dayanmırlar. Məsələn, nəyə görə bu adamlar “İstefa” şüarının əvəzinə İsmayıl Ömərov, Ramil Usubovun məlum faktları ilə bağlı çığırmırlar. Bu Azərbaycan və Ermənistan xaric istənilən bir ölkədə olsaydı bütün cəmiyyət ayağa qalxmamışdımı? Niyə İqbal Ağazadə, Əli Kərimli və yaxud başqa bir liderimiz sinəsini cırmır ki, hökumət tez eləsin, izahat versin görək beynəlxalq müsabiqəyə nəyə görə İTV-nin baş direktorunun nəvəsi gedib? Bu olay Türkiyədə olsaydı nəinki İTV rəhbərindən soruşmuşdular, indi Ərdoğanı divara dirəmişdilər. Ona görə də, Türkiyədə siyasi ortama baxıb ağzınızın suyunu axıdırsınız... Yox, camaat durduğu yerdə gətirib sizə siyasi ortam yaradacaq. Hələ bizim siyasi liderlərimiz ölkədəki boşluqdan ortalıqdadırlar. Bu adamlar İlham Əliyevi istefaya göndərmək istəyir. Siz 20 ildir onun bir nazirini işdən çıxara bilməyibsiniz, cənablar...

2012-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında bu mənada cəmi 2 hadisə olub. Onu da jurnalistlər eləyib. Qubanın xalqı təhqir edən icra başçısının istefaya məcbur edilməsi, bir də rüşvət videosuna görə Gülər Əhmədovanın mandatından imtinası. Hər ikisi mətbuat və ürəyi yanan az saylı aktivlərin təpkisi ilə baş verib. Bəs siz nə edibsiniz, cənablar? Çıxıb beş-altı ağız istefa qışqırıbsınız, cəmiyyətin az da olsa yığılmaqda olan enerjisinin içinə tüpürübsünüz. Təəssüf ki, Azərbaycan xalqı hələlik proseslərdə iştirakçı yox, tamaşaçıdır. Xalq oyunda birbaşa iştiraka başlasa, elə birinci yalançı aktyorları səhnədən qovmaqdan başlayacaq. Sizin bu əməllərinizdəndir ki, ölkədə on-onbeş ildir heç bir lider yetişmir. Hamı oturub gözləyir ki, İsa Qəmbər, Əli Kərimli, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, İqbal Ağazadə nə vaxt prezidentliyə namizəd işindən təqaüdə çıxacaq. Mən ağıl verən kimi özümü təqdim edib axmaq görünmək istəmirəm. Və ona görə də, mövzunun istiqaməti dəyişdirmədən qayıdıram əsas məsələyə.

Yəni demək istəyirəm ki, cəmiyyətin üzdə olan, aktiv təbəqəsi, facebookda, tvitterdə veyillənən insanlar bu gündədirsə, biz onda tutaq ki, Yardımlının Avaş kəndinin adamlarından nə gözləyəsən, hə?..

Bu gün Azərbaycanda internetin sürətlə inkişaf etdiyini, sosial şəbəkələrin populyarlaşdığını deyirlər. Bəzi qurumlar, mərkəzlər də facebookun ərəbləri ayağa qaldırdığına işarə eləyib hökumətə zada qorxu gəlirlər ki, ay aman qoymayın, tez puldan zaddan ayırın girək facebookda qrupdan-zaddan yaradaq. Yoxsa, müxalifət bizi devirəcək. Yalansa bu adamların qəbrini elə facebookda qazıb basdırsınlar. Guya bu hökumət görmür ki, Azərbaycan xalqı sosial şəbəkələrdə nə oyunlardan çıxır? Camaat nə iş görür burda? İnsan nə qədər əxlaqsız olmalıdır ki, atasının, anasının, dünən doğduğunun, qrup yoldaşının, Qəçrəşdə mindiyi atın, yeyib içməkdə elədiyi çıxışın videosunu, şəklini FB-yə yükləyib üstündən də ürək dağlayan, intizar dolu, qubarlı sözlər yazıb paylaşın? Hə, nə qədər tərbiyəsiz olmalısan, bunu eləmək üçün ay cəmiyyət? Sənin internet istifadəçin bu gündədirsə, gör indi yerdə qalanın nədir də?

Bir dəfə ATV-nin aparıcısı olan qrup yoldaşım Zaurla bizim kəndə getmişdik. Bütün kənd qocasından cavanına kimi tökülüb gəldi bizə, hasarımızın başına dırmaşıb Zauru mobil telefona çəkməyə başladılar. Yəni budur də...

Ona görə də, bu gün facebookda bizim kəndimizdəki adamlar kimi özünü aparanlara demək istəyirəm ki, elə İsmayıl Ömərov yaxşı eləyib müsabiqəyə nəvəsini göndərib... Bizə bu da azdır.

Ramil Usubovdan isə tezliklə Emilə general rütbəsini təmin etməyi xahiş edirəm. Qoy nazir postuna göz dikən beş-altı axmaq da özünə ayrı iş tapsın...