“Ramin Hacılı pulu qaytaracağına söz verdi, həbs olundu”

ramin-hacili-pulu-qaytaracagina-soz-verdi-hebs-olundu
Oxunma sayı: 6403

Bir neçə gün öncə ölkədən qanunsuz yolla qaçarkən saxlanılan Ramin Hacılı barədə yeni iddialar irəli sürülüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Hacılının vətəndaşlardan şengen vizası almaq üçün bir neçə min dollar pul alıb qaytarmadığı bildirilir.

Onlardan biri də şair Şəhriyar İbrahimovdur. Həyat yoldaşı riskli hamiləlik keçirdiyi üçün Avropada müalicə etdirmək istəyən Ş.İbrahimov turizm şirkətinə müraciət edib: “Gülnar Hüseynova adlı şəxs bizə viza almaqda köməklik edəcəyini dedi və sənədlərimizlə birgə ona 3 min manat verdim. Sonradan bildim ki, Gülnar Ramin Hacılının köməkçisidir. Üç ay keçsə də, bizim viza işi düzəlmədi. Mən Gülnardan pulumu istəyəndə dedi ki, sənədlərlə birgə Ramin Hacılıya verib. Mənə də bildirdi ki, gedim ondan alım. Ramin pulumu qaytaracağına söz verdi, sonra da həbs oldundu. Gülnara da zəng çatmır, bu barədə rəsmi formada şikayət edəcəyəm”.

Qeyd edək ki, G.Hüseynova iyunun 9-na kimi sosial şəbəkələrdə aktiv olsa da, bu gündən hesabını bağlayıb. Onun mövqeyini öyrənmək üçün nömrəsinə etdiyimiz zənglərə isə özünü təqdim etməyən kişi cavab verib və G.Hüseynovanın tanışı olduğunu bildirib. Həmin şəxs isə qarşı tərəfin mövqeyini dərc etmək təklifimizə qeyri-etik formada reaksiya verib.

Ş.İbrahimov bildirib ki, onun kimi aldadılan insanların sayı yüzlərlədir: “Mayın 15-də onların “AF Mall”la üzbəüzdə yerləşən ofislərinə getmişdik, orada xeyli adam toplaşmışdı. Hamı pulunu tələb edirdi. Elə adam var ki, həyat yoldaşı xərçəng xəstəsidir, onun xaricdə müalicəyə göndərmək üçün pul alıb aldadıblar”.

Ş.İbrahimovdan başqa bir neçə şəxs R.Hacılının sosial şəbəkədəki hesabına yazaraq onları aldatdığı üçün təhqir ediblər. Araz Vəlizadə R.Hacılının ondan 1000 dollar aldığını, lakin sonra geri qaytardığını bildirib: “Amma elə adamlar tanıyıram ki, birinə 1500 dollar, birinə 1000 dollar, digərinə də 1000 manat verməlidir”.

Ramil Hüseynov isə R.Hacılının gözdən əlil uşağın atasından 5 min manat aldığını bildirib.

Dövlət Sərhəd Xidmətinin yaydığı açıqlamada qeyd olunub ki, R.Hacılı saxlanılarkən 250 min manat borcu olduğunu bildirib və bu səbəbdən ölkədən qanunsuz çıxmaq istədiyini deyib.