Ramin Hacılını nə qədər cəza gözləyir?

ramin-hacilini-ne-qeder-ceza-gozleyir
Oxunma sayı: 3547

Bundan öncəki cinayət işində həbssiz cəza alan ictimai fəal Ramin Hacılı bu dəfə sərhədi qanunsuz keçməyə görə saxlanılıb. R.Hacılı birinci məhkumluğu ödənmədən ikinci cinayəti törətməsinə görə nə qədər cəza ala bilər?

Vəkillər Kollegiyasının üzvü Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət sərhəddini nəzarət buraxılış məntəqəsindən kənar keçən şəxslər Cinayət Məcəlləsionin 318-ci maddəsi ilə ittiham edilir: “Bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddənin ikinci bəndi tətbiq edilir. Bu, az ağır cinayətlər kateqoriyasına aiddir və 5 ilədək azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. 

Cinayət Məcəlləsinin 71-ci maddəsinə görə şəxs şərti məhkum edildiyi sınaq müddəti ərzində az ağır və ağır cinayət törədərsə, şərti məhkum etmə məhkəmənin hökmü ilə ləğv edilir. Daha sonra 67-ci maddə tətbiq edilməklə cəzalar qismən və ya tam birləşdirilir. 

Sərhədi pozmağa görə Ramin Hacılı barəsində həbs qətimkan tədbiri seçilərsə, cəzası həmin gündən hesablanacaq. Onun sınaq müddətində təkrarən az ağır cinayət törətməsi cinayətin residivini yaradır. Buna görə də R.Hacılıya qarşı irəli sürülən ittiham sübuta yetirilərsə, ona maddənin saksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin yarısından az verilə bilməz. 318.2-ci maddəyə görə 5 il cəza nəzərə tutulubsa, bu maddə üzrə R.Hacılıya 2 il 6 aydan aşağı cəza verilə bilməz.

Eyni zamanda, bundan öncəki cəzası ilə birləşdirilərkən ən ağır hökmün yuxarı həddindən aşağı cəza verilə bilməz. Yəni, dövlət sərhədini qanunsuz keçməsi sübuta yetirilərsə, Ramin Hacılını təxminən 5 il 6 ay və ya 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir”.

“Azərbaycan Avropa Hərəkatı”nın sədri olan R.Hacılı daha öncə ABŞ-a getmək istəyən şəxslərə viza almaq üçün saxta sənəd hazırlamaqda təqsirli bilinib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə R.Hacılıya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və ölkədən çıxışına qadağa qoyulub. Buna görə də dövlət sərhədini qanunsuz keçərək Gürcüstana getmək istəyib. O, ilkin ifadəsində 250 min manat borcu olduğu üçün belə bir işə əl atdığını deyib. 

Ona sərhədi keçməkdə 1988-ci il təvəllüdlü Fəx­rəddin Qa­sı­mov kömək edib.

Murad Əhməd