Xalq artisti Həmidə Ömərova bir neçə həftə bundan əvvəl ayağı amputasiya edilən həmkarı Ramiz Əzizbəyli ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, xalq artistini evində ziyarət edən aktrisa onunla bağlı instaqramda paylaşım edib.
H. Ömərova məşhur aktyorun yaxşı olduğunu, səhhətinin qaydasına düşdüyünü qeyd edib: "Sağalacaq... Özü də buna inanır. Yaşamaq, yaratmaq, kino çəkmək, şeir yazmaq istəyir. Öz şeirlər kitabından bizə bir neçə şeir oxuyub kövrəldi. Bizi də kövrəltdi. Sonra təəccüblə soruşdu: “Siz niyə belə kədərlisiniz? Gəlin mahnı oxuyaq”. Məlahətli, heç kiminkinə bənzəməyən titrək, həzin səsi ilə oxudu. Bizim optimist, şən, həyatsevər Ramiz Əzizbəylimiz. Allah sizə şəfa versin".