Ramiz Mehdiyev məqalə yazdı

Ramiz Mehdiyev məqalə yazdı
Oxunma sayı: 1370

"Azərbaycan neft və qaz ehtiyatları ilə yanaşı, digər təbii resurslarla da zəngindir və bu ehtiyatların əsas hissəsi regionlarda yerləşir. Regionların təbii resurs potensialından istifadə etməklə qeyri-neft sektorunu inkişaf etdirə bilərik. Bu baxımdan regionların təbii resurs potensialının yenidən qiymətləndirilməsi, onun təsərrüfat dövriyyəsinə cəlb olunması və səmərəli istifadə edilməsi qarşıda duran mühüm vəzifələrdəndir".

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidenti Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsində qeyd edib. O bildirib ki, Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına nail olmalıyıq. Nəzərə almalıyıq ki, kənd təsərrüfatı ölkə üzrə ÜDM-in 5,6 faizini istehsal edir. Əhalinin 47 faizi isə kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait yarada bilər.
Əslində regional inkişaf proqramlarının icrası nəticəsində Bakı şəhəri ilə regionların inkişaf səviyyəsi arasındakı fərqin tamamilə aradan qaldırılacağını gözləmək sadəlövhlük olardı. Dünyada elə bir ölkə yoxdur ki, bütün regionların bərabər səviyyədə inkişafına nail olsun. Bu, bir məqsəd kimi də qarşıya qoyulmur. Əsas məsələ, regionlar arasında dərinləşmiş sosial-iqtisadi fərqin tədricən azaldılmasıdır.

Regionların inkişafına qısa bir müddətdə nail olmaq çətindir. Elə bu səbəbdən də indiyə kimi 3 regional inkişaf proqramı hazırlanmış və həyata keçirilib. Artıq Prezident İlham Əliyev tərəfindən dördüncü proqramın hazırlanması ilə bağlı müvafiq dövlət orqanlarına tapşırıq verilib. 

Regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin sistemli şəkildə icra edilməsi qeyri-neft sektorunun inkişafı, bölgələrdə yeni iqtisadi münasibətlərin formalaşması və iqtisadi fəallığın artması, iş yerlərinin açılması baxımından əhəmiyyətli olub.

Təkcə 2003-2017-ci illərdə regional inkişaf proqramları çərçivəsində Azərbaycanda yaradılmış olan 1,9 milyon yeni iş yerinin 72 faizi regionların payına düşür. Bu müddət ərzində 52,6 min kilometr qaz xətti çəkilmiş və ya əsaslı təmir olunub. 1700-dən artıq yaşayış məntəqəsi təbii qazla təmin edilmiş, ümumilikdə isə regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 90 faizə çatmışdır. 2826 məktəbdə və 300-dən çox məktəbəqədər təhsil müəssisəsində, 451 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 38 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. 11 min kilometrdən çox respublika və yerli əhəmiyyətli yolda təmir-tikinti işləri aparılmışdır. 366 ədəd körpü və tunel tikilmiş, təmir olunmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 96-dan 550-yə çatmışdır ki, bunun da 400-ü regionlarda yerləşir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara verilmiş güzəştli kreditlərin 75,1 faizi regionların payına düşür.

Regionların təkcə iqtisadi deyil, həm də sosial inkişaf göstəriciləri də bir-birinə yaxınlaşmalıdır. Məsələ burasındadır ki, iqtisadi inkişaf sosial inkişafa şərait yaratdığı kimi, həyat səviyyəsinin yüksəldilməsi də iqtisadi fəallığın artmasına zəmin yaradır.

Öz-özlüyündə heç bir proqram onun obyekti olan problemi avtomatik olaraq aradan qaldırmır. Dövlət proqramları yalnız konkret şərtlər daxilində yerinə yetirilə bilər. Yüksək xərctutumlu regional proqramların maliyyə təminatına malik olması, proqram çərçivəsində investisiya layihələrinin davamlı olaraq maliyyələşdirilməsi onun uğurlu icrasını təmin edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi