“Ramiz Rövşəni niyə xilas etmir?”

ramiz-rovseni-niye-xilas-etmir
Oxunma sayı: 1409

Elə dünən bu şəhərdə yuxarıdakı şeirin müəllifi olan Ramiz Rövşənlə üz-üzə gəldik. Daha doğrusu, şairi görmək, onun dilindən şeirlərini dinləmək üçün “Müsbət Dəyişiklik” Gənclər Hərəkatı və Ziyalılar Forumunun “Azərbaycan Naminə Müsbət Dəyişiklik” əməkdaşlığı çərçivəsində təşkil olunan “Ramiz Rövşən gənclərin gözündə” adlı görüşə getmişdim.

Gənclər də bu fürsəti əldən verməyərək şairin görüşünə gəlmişdilər, bəlkə, bu səbəbdən idi ki, gecikənlər ayaqüstə qaldı. Elə gecikənlərədn biri də bu sözlərin müəllifi idi...

Ramiz Rövşən hər şeydən danışdı. Allahdan, cavanlıqdan, sevgidən, vətəndən, dostluqdan,şəxsiyyətdən və daha nələr, nələr. Hər mövzuya uyğun da bir şeir söyləyirdi...

Ha deyim ki, “sən mənimsən”,
mənim səndə yerim yox.
Molla yasin oxuyanda
ölüləri əl çalan,
Binaları ucaldıqca
adamları alçalan
bu vətəndə yerim yox.


Şair gənclərə böyük ümid bəslədiyini və 1918-ci ildə Azərbaycanda Cümhuriyyət qurulanda cəmi 96 nəfərin ali təhsilli olduğunu qeyd edib: “Həmin 96 nəfər sayəsində AXC iki il ərzində nələrə imza atdı. Necə olur ki, 100 minlərlə ali təhsil alan insandan istifadə etmək olmur. Sadəcə həmin aydınları doğru yerdə axtarmırlar”.

Balalara tanrı qıymaz!..
Yox, batsaq da günaha,
Qaranlıqda yanır hələ
balaların gözləri çıraq-çıraq.
Tanrı bizi görmür daha,
Ümid yoxdu Allaha,-
qaranlıqdan bizi ancaq
balalar çıxardacaq... (Oğlumun gözləri)


Şair Allaha tez-tez müraciət etməsinə də aydınlıq gətirib. Hətta o, SSRİ-nin hakimiyyət illərində məhz Allaha tez-tez xitab etdiyi üçün şeirlərinə qadağa qoyulduğunu da qeyd edib.

Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?


Ramiz Rövşən onu Azərbaycanın birinci şairi adlandıranlara həmişə bu cavabı verdiyini bildirib: “Mən Azərbaycanın axırıncı şairiyəm və uçurumun qarşısındayam. Əgər mən çəkilsəm, hər şey dağılar. Gənclərə isə birinci deyil, sonuncu olmağı məsləhət görürəm. Hər gününüzü son gününüz kimi və gecə isə yenidən doğulmuşsunuz kimi yaşayın”. Ramiz Rövşən xatirələrini də gənclərlə paylaşıb. Hətta xaricdə yaşayan soydaşlarımızın şairə şeiriniz bizi çətinlikdən xilas etdi fikrinə Ramiz Rövşən isə belə cavab verib: “Bəs şeirlərim Ramiz Rövşəni niyə xilas etmir?”

Mənim daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim
Mən sənin yanında dururam
Sənin... küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı
Heç kəs sığal çəkməz düm ağ saçına
O gümüş telindən öpürəm sənin
Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin (Təpədən dırnağa hirs içindəyəm)


Şair gənclərin sizin üçün dostluq nədir sualını da cavablandırıb. Dostlarının həmişə ondan yaşda böyük olduğunu vurğulayan Ramiz Rövşən ən yaxın dostunun isə Rafiq Əliyev olduğunu bildirib. O, Elçibəylə çox yaxın dost olduğunu və onun böyük bir şəxsiyyət olduğunu bir daha söyləyib.

Neçə dost üzünə sürtdüm üzümü,
qaldı gözüm yaşı dostlar üzündə.
Çox dedim, ölərəm,
qorxan olmadı,
Çevrilib dalımca baxan olmadı,
Getdim,
o dünyaya dəydim, qayıtdım,
Getdim,
qapısını döydüm, qayıtdım,
Gülə-gülə çıxdım dostlar üzünə,
Dostları
çevirdim astar üzünə,
Nə yaxşı ki, düşmən çıxan olmadı... (Astar üzünə)


Şair sonda gənclərin ən çox sevdiyi şeir olan “Qara paltarlı qadın” şeirindəki qadının kimliyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, şeirdəki qadın onun xanımı deyil. Şair həmçinin bildirib ki, sözügedən şeirdə qadın kişidən daha yüksəkdə durur: “Qadını o qədər alçaltmışıq ki, kişilərlə bərabər etmişik”.

Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!...(Qara paltarlı qadın)


Beləliklə, 2 saatlıq Ramiz Rövşən gecəsi başa çatdı... Etiraf edim ki, şair danışanda, sanki sözünü kəsib “bir şeir söyləyin” xahişini etmək istəyirdim. Çünki Ramiz Rövşən şeirləri ilə danışır və biz onu elə o şeirlərlə anlayırıq...

Günel Əbilova