Rauf Əliyev “düyünü”ndə son akkord - Gedə bilməz!

Rauf Əliyev “düyünü”ndə son akkord
Oxunma sayı: 134

Rauf Əliyev “düyünü” cari mövsümün qəribəlikləri sırasında birinci yerdədir. Futbolçu deyir “Kukesi” ilə müqavilə bağlayacağam, “İnter” rəhbərliyi təkid edir ki, mümkün deyil. Futbolçu deyir ki, azad agentəm, “İnter” rəhbərliyi deyir ki, müqaviləmiz var. Bəs, məsələ nə yerdədir? Həqiqət, hüquq kimin tərəfindədir?

Məsələ burasındadır ki, Raufun “İnter”lə müqaviləsi həm var, həm də yoxdur. Gülməlidir, deyilmi? Gülüş obyekti ikili müqavilə imzalayanlardır. Futbolçuyla 2018-ci ilin may ayınadək müqavilə bağlanıb. Həmin müqavilə hüquqi şəxs – “İnter” Peşəkar İdman Klubu ilə fiziki şəxs – Rauf Əliyev arasında imzalanıb. Futbolçunu kimsə arxayın edib ki, notarial qaydada təsdiqlənməyən müqavilə hüquqi qüvvəyə malik deyil

Ancaq ölkə daxilində qanun fərqlidir. Notarial təsdiqə hansısa alqı-satqı, borc verilmə/alınma baş verdikdə ehtiyac duyulur. Bu isə sıradan bir əmək müqaviləsidir və notarial təsdiqə ehtiyac yoxdur. “İnter”in də əsas “kozırı” məhz bu amildir və Əliyevin “Kukesi” ilə müqavilə imzalamaq şansının üstündən qalın bir xətt çəkir.

Nəzərə almaq lazımdır ki, FİFA ümumiyyətlə, notarial qayda tanımır. Dünyanın ali futbol qurumu üçün iki tərəfin imza atdığı sənəd kifayət edir. Eyni zamanda, Albaniya təmsilçisinin də Raufun keçidinə görə “İnter”ə kompensasiya ödəmək fikri yoxdur. Elə futbolçu özü də azad agent statusu ilə “Kukesi”yə keçmək niyyətində idi. Deməli, Raufun iki yolu var: ya “İnter”ə qayıtmaq, ya da müqaviləylə bağlı olduğu kluba kompensasiyanı cibindən ödəmək. Daha real görünən forvardın Azərbaycana dönməsidir.

Mənəvi dəyərlərə gəldikdə isə hər iki tərəfi anlamaq olar. Futbolçu daha cəlbedici və stabil təklifə razılıq vermək istəyir. Eyni zamanda, legioner həyatı yaşaması Azərbaycan üçün də faydalıdır. Lakin “İnter” indi elə bir vəziyyətdədir ki, hətta 17-18 yaşlı gənclərin getməsinə razı ola bilməz. Necə deyərlər “yuxarı baxıram – bığ, aşağı baxıram – saqqal”.

Məsələnin digər tərəflərinə də toxunmaq istərdik. Topaz Premyer Liqasını keçirən Peşəkar Futbol Liqasının rəsmi saytında komandaların iştirak ərizələri yer alıb. “İnter”in təqdim etdiyi siyahıda Rauf Əliyevin adı yoxdur. Niyə? Bu sualın cavabı da üzdədir. “İnter” futbolçuyla notarial qaydada təsdiqlənmiş müqaviləni imzaladıqdan sonra PFL-ə təqdim etmək istəyirmiş. Lakin gündəmə gələn “Kukesi” məsələsi hər şeyi alt-üst edib.

Transfer pəncərəsi hələ ki, açıqdır. Bəs “İnter” bu müddət kəsiyində Əliyevin adını siyahıya əlavə edəcəkmi? Klubun icraçı direktoru Rəmiş Malıye bildirib ki, sabah bu məsələ yoluna qoyulacaq və Rauf Əliyevin adı komandanın iştirak ərizəsinə əlavə ediləcək.

PFL-ə təqdim edilən müqavilələrin hamısı notarial qaydada təsdiq olunur. Bir halda ki, buna heç bir ehtiyac yoxdur, aparıb bir ətək pulu notariuslara yedirtmək nəyə/kimə lazımdır?

Göründüyü kimi “Bermud üçbucağı” “İnter” – “Kukesi” - Rauf Əliyev üçbucağının yanında toya getməlidir. Məsələ mütləq həllini tapacaq. Ancaq indidən bir şeyi əminliklə söyləyə bilərik: necə həll olunmasından asılı olmayaraq, bu məsələdə hər üç tərəf uduzacaq.

Ceyhun Əliyev


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi