Rayon xəstəxanasında şok vəhşilik

rayon-xestexanasinda-sok-vehsilik
Oxunma sayı: 10123



“Qafqazinfo” Avropa.info-ya istinadən xəbər verir ki, Zərdab şəhər sakini Qasımov Füzuli Hümmət oğlu qızı Qasımova Günel Füzuli qızını qeysəriyə üsulu ilə əməliyyat etdirmək üçün təcili olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirib. Lakin ağır vəziyyətdə olan xəstəni həkimlər nəinki qəbul etməyiblər, hətta onları qapıdan belə içəri buraxmayıblar. Üstəlik, xəstəxananın mühafizəçiləri ağır vəziyyətdə olan xəstənin gözü qarşısında onun atası Qasımov Füzulini və qızının həyat yoldaşı Natiq adlı şəxsi də vəhşicəsinə döyüblər.
Xəstənin yaxınları baş verənlər barədə xəstəxanaının baş həkiminə müraciət ediblər, baş həkim isə onlara "əcəb edib, döyüblər" deyib və onları kabinetindən qovub.


Xəstə yaxınları tərəfindən döyüldüyünü iddia edən həkim Cavanşir Qədirov isə APA-ya açıqlamasında hadisənin fərqli olduğunu bildirib: “Bu gün saat 12.30 radələrində doğuş məqsədi ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına daxil olan Zərdab rayon sakini Qasımova Günel Fizuli qızının qeysəriyyə yolu ilə doğuş keçirməsinə qərar verilib. Mən də xəstənin əməliyyat olunması üçün lazımi tədbirlərin görülməsinə tapşırıq verdim. Cərrahiyə otağının yaxınlığındakı otaqda digər xəstəni müayinə edərkən dəhlizdə səs-küy eşitdim. Cərrahiyə otağına yaxınlaşarkən əllərindəki xərəklə xəstəni gətirən 3-4 nəfərin əməliyyat otağının qapısını təpiklə vurduğunu, səs-küy saldığını gördüm, onlardan bu hərəkəti etməmələrini, səbrli olmalarını xahiş etdim. Əsəblərinə hakim olmayan xəstənin yaxınları isə xərəyi yerə qoyaraq mənə hücum etdilər, bir necə zərbə vurdular”.
 
Həkimin sözlərinə görə, yaxınlıqdakı şəxslərin köməkliyi ilə ona hücum edən xəstə yaxınları hadisə yerindən uzaqlaşdırılıblar. “Mən baş verən xoşagəlməz hadisəyə məhəl qoymayaraq, vəzifə borcumu yerinə yetirdim, xəstəni əməliyyat etdim, onu və körpəsini ölümdən qurtardım. Əməliyyatdan sonra isə iş vaxtı vəzifə borcumu yerinə yetirərkən döyülməyimlə bağlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm”, - deyən C. Qədirov xəsarətlərlə əlaqədar hazırda ambulator müalicə aldığını da bildirib.