Rayona hüzrə getməyə maşın tapmadı, qaçırdı - Arvadı və 5 uşağıyla

Rayona hüzrə getməyə maşın tapmadı, qaçırdı
Oxunma sayı: 1959

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman avtomobili qaçıranın arvadı və 5 övladı da maşında olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub.

Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna hüzr yerinə yollanıb. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi