Rayonların içməli su təchizatı yaxşılaşdırılır

rayonlarin-icmeli-su-techizati-yaxsilasdirilir
Oxunma sayı: 647

“Azərsu” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə 2011-ci ildə içməli suya ciddi ehtiyac olan yaşayış məntəqələrində yeni layihələrin icrasına başlanıb.

Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə hazırda 1 ədəd subartezian quyu qazılır. Qazma işlərindən sonra subartezian quyu şəbəkəyə qoşulacaq. İşlər tam başa çatdıqdan sonra 3100-dən çox kənd sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.

Tərtər rayonunun Qapanlı kəndinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə kənddə 1 ədəd subartezian quyusu qazılıb, 2 ədəd 25 kubmetrlik su çəni quraşdırılıb. Bununla paralel olaraq 13,2 kilometr su xəttinin çəkilişi yekunlaşıb. Rayonun Qazyan kəndində də 1 ədəd subartezian quyusu qazılıb, eyni zamanda 2 ədəd 25 kubmetrlik su çəni quraşdırılıb, 9,6 kilometr su xətti çəkilib. İşlər tam başa çatdıqdan sonra rayonun Qapanlı və Qazyan kəndlərində 1950 nəfərin içməli su təchizatı yaxşılaşacaq.

Ağdam rayonunun Şüküralılar kəndində içməli suya olan tələbatı ödəmək məqsədi ilə 1 ədəd subartezian quyusunun qazılması başa çatıb. Bununla yanaşı, kənddə 1 ədəd 50 kubmetrlik su çəni quraşdırılıb, 5,2 kilometr su xətti çəkilib. Rayonun Korqışlaq kəndinə də içməli su yeni qazılmış subartezian quyudan verilir. Layihə çərçivəsində 1 ədəd 60 kubmetrlik su çəni quraşdırılıb, 4,8 kilometr su xətti çəkilib. Korqışlaq kəndindən Mireşelli kəndinə 9,3 kilometr su xətti çəkilib. Bu layihələr rayonun Şüküralılar və Korqışlaq kəndlərində 1391 nəfərin içməli su təchizatını yaxşılaşdıracaq.

Füzuli rayonunun Alxanlı kəndində içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası davam edir. Kənddə 3 subartezian quyusunun 2-i qazılmış, 3-cü quyuda qazma işlərinə başlanıb. Layihə 1413 nəfər kənd sakininin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.