“REAL”dan tənqidlərə cavab

realdan-tenqidlere-cavab
Oxunma sayı: 1982

Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli qurum olaraq Milli Şuranın mitinqində iştirak etməmələrinə aydınlıq gətirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan iqtisadçı hərəkatın verdiyi bütün qərarların sədr İlqar Məmmədova öncədən göndərildiyini və onun fikirlərinin alındığını bildirib:

“Qərarlarımız İlqar Məmmədovun razılığı alındıqdan sonra ictimaiyyətə açıqlanır. REAL-da bütün qərarlar ciddi müzakirələrdən sonra qəbul edilir, idarə heyətinin üzvlərinin də, sədrin də bir səsi var, ancaq səsvermədən sonra qərarlar elan olunur. Həmişə çalışmışıq ki, qərarlar konsensusla olsun. Dünən elan etdiyimiz qərar günlər öncə tam konsensusla qəbul edilib. 

REAL heç vaxt şəxlər üzərində qurulmayıb, dəyərlər, prinsiplər, ideoloji təməl üzərində inşa edilib. Belə modeli nə iqtidar, nə də bəzi müxalif partiya liderləri anlaya bilmirlər. Çünki ölkədə bütün siyasi təşkilatlar şəxslər üzərinə qurulub.

REAL-ın verdiyi bütün qərarlar günlük populizmdən uzaq, strateji hədəflərə hesablanmış qərarlardır. Kütləvi aksiyalar çox vacib, fundamental insan hüquqlarından biridir, konstitusiyada təsbit olunub, siyasi təşkilatların mitinq təşkil etməsi normal praktikadır. Amma aksiyalar dərindən düşünülmüş taktiki addımlar və strateji hədəflər çərçivəsində nəticə verir. Mitinqlər hədəf deyil, vasitədir, hədəfə çatmaq üçün, məsələn, 10 vasitədən biridir. Əgər digər 9 vasitə yoxdursa, yəni cəmiyyətdə ümid, inam təsis olunmayıbsa, gələcəklə bağlı xalqda aydın təsəvvür yaradılmayıbsa, hekayə ancaq "bunlar pisdir, biz yaxşıyıq", primitivizmi üzərində qurulursa, mitiqlər hədəfinə çatmır, hər dəfə rutin, mövsimi xarakter alır, ancaq mitinq edənlərin öz təşkilatlarını tonusda saxlamağa xidmət edir, həm də iqtidara ölkədə sərbəst toplaşma hüququnun olduğunu söyləməyə formal bəhanə verir”.

İcra katibi onu da vurğulayıb ki, hər hansı bir siyasi əməkdaşlıq, siyasi güclərin birgə addımları mütləq öncədən öz aralarında ciddi müzakirə edilməli, bütün tərəflərin ideyaları dinlənilməli, hətta veriləcək mesajlar, səsləndirilən şüarlar öncədən razılaşdırılmalıdır: 

“Siyasi təcrübə və birgə addımların fəlsəfəsi belə yanaşma diktə edir. Mitinqlərlə bu ölkəni dəyişmək olar, təbii ki, bu mümkündür, amma buna qərarı və sosial-siyasi sifarişi siyasi təşkilatlar deyil də, cəmiyyət verməlidir. Ancaq o zaman uğur hekayəsi mümkündür. 

"REAL niyə mitinq etmir, niyə İlqara görə mitinq etməyib" - bu sual bizə çox verilir. Haqlı sualdır, legitim iraddır, amma biz bilsəydik ki, İlqarın azadlığı mitinqlə mümkündür, hər gün mitinq edərdik. Resurlarımız az, çevrəmiz gənc, üzvlərimiz təcrübəsizdir və biz təşkilat olaraq heç vaxt gənclərimizin həbsi, təqibləri üzərindən PR qurmamışıq, bunu istəməmişik. Hökumət üçün daimi hədəf həmişə İdarə Heyəti olub - bizlərin başına gələnlərin isə heç 10%-ni belə içtimayiləşdirməmişik, çünki çevrəni ürkütmək, insanların içində olan xofu dərinləşdirmək olmaz - zatən hökumətin də istədiyi budur. Mitinq keçirən bütün siyasi qüvvələrə uğurlar diləyirəm, bir daha bəyan edirəm ki, üzvlərimiz, çevrəmiz bu aksiyalarda iştitak etməklə bağlı qərar vetməkdə tam sərbəstdirlər”.