Rədd olsunlar

redd-olsunlar
Oxunma sayı: 1537

Fərid Hüseyn

İki bir-birini bəyənən, ürək qızdıran adam görəndə sevinirəm.

Bütün sevgilərimizin içində bir “amma” var.

Nəsə bəyənmədiyimiz bir şey çıxır həmişə...

Əksər adam ömrünü başqalarının qüsurunu sadalayaraq keçirir... Sanki çoxları özgəsini müşahidə etməyə göndərilib. Bir-birinin qüsurlarını aşkarlaya-aşkarlaya adamlar sanki həzz alırlar, öz eyiblərinə kor olmaq üçün ən münasib yoldur bu.

Səhv tapdıqca rahatlaşırlar, könülləri açılır çoxlarının...

Mətbuat xalqda, xalq mətbuatda “səhv tutur”. Qınaq qınaq üstünə...

Xalq anlayışı, az qala, qara camaat kimi qəbul edilir və əli qələm tutan hər kəs özünü elita, qaymaq sayır... Sənət və sahələr ziyalılaşıb sanki və o sənət və sahələrlə məşğul olan hər kəs özünü ziyalı bilir

Ziyalı olmağı üstün tutanlar guya xalqın dərdinə yanırlar...

Bir də baxırsan ki, hayqıran bir adamın dərdi var imiş, bir balaca özünə yer tutandan sonra, guya xalqın problemləri onun üçün adiləşir... Guya xalq anlamır onu, ideyalarını başa düşmür... Nəhayət, bütün təmənnalar çıxır su üzünə...

Yaradıcı mühitdə tamam başqadır.

Mətbuat biganəliyi ilə üzləşən, sözünün kəsəri olmayan hər adam gileylənir ki, onu anlamırlar. Ancaq demir nəyi anlamırlar, hansı bəsitliyi xalq başa düşmür... Bundan sonra başlayır “oxucu üçün yazmıram” lovğalığı. Əlbəttə, belə ola bilər, ancaq bir adam üçün, on adam üçün...

Onlarla adam deyir ki, xalq üçün yazmıram. Bəsit ideyalarını fəlsəfə gözündə görmək moda düşüb... Xalqdan bezib “rədd olsunlar” qışqırığı ilə ortalığa atılanlar var. Klassikləri sevdiyinə görə sanki xalq əsrlərdir zövqsüz imiş. Muğamın tarixini, qollarını, regional təsriflənməsini bilməyən adam muğamı bəsitlikdə damğalamaq iddiasına düşür...

Adi, sadə adamlardan tərbiyə alıb böyüyən neçə-neçə siyasətçilər, ədəbiyyatçılar, elm adamları yetişib... Onlar xalqın içindən çıxıb...

Böyük idealı olan elə adam tapmaq olmaz ki, xalq üçün nəsə etməyib... Nədənsə xalqdan imtina etməyə can atmaq, sadə insanları bəyənməmək üstün keyfiyyət kimi təqdim edilir... Guya bu adamlar elə mərtəbəyə çatıblar ki, onlar üçün mübarizə mənasızlaşıb.

Əslində isə ideya uğrunda mübarizə yox, ideyalar özü bəsitdir. bu bəsitliyi duyan kimi və başqaları dərk edən kimi geri çəkilir çoxu. Tarix və təkrarlar çoxlarının gözündən yayınıb. “Rədd olsunlar” bezginliyi özünün və ideyalarının yüzüncü dəfə təkrar olmasından doğur...

Bu yazı isə öz eyiblərinə kor olaraq yazılmayıb...