Rəhimov 500 milyonu kimin adına ötürüb? - Özü açıqladı

Rəhimov 500 milyonu kimin adına ötürüb?
Oxunma sayı: 5185

Xəbər verdiyimiz kimi, prezident Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun Rusiyadakı kommersiya daşınmaz əmlak biznesini tərk etməsi ilə bağlı iddialar yayılıb. Rusiyanın RBC agentliyi yazır ki, Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş “Fina” hüquq şirkətindəki tərəfdaşı olub.

“Qafqazinfo” xəbər verir ki, iş adamı Musavat.com-a açıqlamasında iddiaları əsassız adlandırıb: “Azərbaycanda biznesim olmadığı üçün burada prosesin necə tənzimləndiyindən xəbərsizəm, ancaq Rusiyanın vergi sistemində investorlarla bağlı informasiyalar açıqdır. Hansı iş adamı hansı şirkətdə nə qədər pay sahibidirsə, bu, ictimaiyyətdən gizlədilmir. Media səhmlərin alış-satış tendensiyalarını rahat izləyə bilir. Ona görə də Rusiya mediasında bu dəyişikliklərlə bağlı informasiyanın yer alması normal qarşılanmalıdır. Anormal olan Azərbaycan mediasının bu məsələdən “uzaqgörən” nəticələr çıxarmasıdır”.

İlham Rəhimov bildirib ki, nə o, nə də ortaqları - Qod Nisanov, Zarah İliyev Rusiyanı tərk etməyi planlaşdırmır:  “Biz Rusiyadan, konkret Moskvadan başqa heç bir yerə investisiya yatırmamışıq. Belə bir fikrimiz də yoxdur. Sözümüz var – heç birimiz Moskvadan kənarda heç yerdə iş qurmayacağıq. Hazırda Moskvada 3 nəhəng layihəmiz həyata keçirilir”. 

Altı şirkətdə sahib olduğu səhmləri Araz Mehdiyev adlı iş adamına satması ilə bağlı yayılan xəbərlərə isə professor belə cavab verib: “Araz Mehdiyev mənim böyük kürəkənimdir. Gerçəkdən də adı çəkilən 6 obyektin 5-də mənim hissə payım 15, birində 12 faizdir. Onların hamısının idarəçiliyini Araz Mehdiyevə həvalə etmişəm. Bundan sonra mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm”.

Biznes ortaqları Qod Nisanovla Zarah İliyevin ABŞ-ın Rusiya iş adamlarına tətbiq etdiyi qadağa siyahısına salınmasına baxmayaraq, professor Rəhimovun adının orada olmamasına da iş adamı münasibət bildirib: “Bəllidir ki, ABŞ-ın qadağası Rusiya vətəndaşları olan iş adamlarına aiddir. Qod Nisanov və Zarah İliyin Rusiya vətəndaşlarıdır. Mən Azərbaycan vətəndaşı olduğum üçün həmin siyahıda yoxam”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlham Rəhimovun öz səhmlərini kürəkəninin adına keçirməsi professorun təqdim etdiyi kimi elmi fəaliyyəti ilə əlaqəli deyil.

Hamıya məlumdur ki, statusundan da göründüyü kimi professor Rəhimovun özünü elmə həsr etməsi ilə bağlı qərarı yeni deyil. Hüquq-elmləri doktoru olan iş adamı uzun illərdir ki, məhz özünü alim kimi təqdim etməkdədir. 500 milyonluq səhmlərini başqasının adına keçirməsi isə heç də elmlə əlaqəli deyil, burada başqa nüanslar da var. Yəni, söhbət 500 milyonluq tranşla məhdudlaşmır. Söhbət 500 milyondan daha böyük məbləğdən gedir. Belə ki, Rəhimovun bu gündə qədər var-dövlətinin böyük bir hissəsi, “kassası” rolunu oynayan kürəkəninin adına olub. Bununla da, professor Rəhimov artıq kürəkənindən asılı vəziyyətə düşmüş sayıla bilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi