Rəhimovdan dəymiş zərərin ödənilməsini tələb etdilər

Rəhimovdan dəymiş zərərin ödənilməsini tələb etdilər
Oxunma sayı: 1576

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu, ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Arif Rəhimovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

Zərərçəkənlər mülki iddia verərək dəymiş zərərin A.Rəhimov tərəfindən ödənilməsini tələb ediblər. 

Belə ki, Kamal Məmmədov və Xalid Məmmədov hər biri maddi ziyana görə 13 min 800 manat,  5 min dollar ,  mənəvi ziyana görə 40 min manat,  Gülnaz Nəbiyeva mülki iddia üçün 22 min 800 manat maddi,  mənəvi ziyana görə 10 min manat, Vahid Məmmədov maddi ziyana görə 6 min, mənəvi ziyana görə isə 5 min manat ödənilməsini istəyib. 

Hakim bildirib ki, zərərçəkənlər tərəfindən məhkəməyə çoxsaylı şikayət ərizələri daxil olub və qeyd olunub ki, istintaq qanunsuz aparılıb. 

Prokuror ittiham aktını elan edib. 

Qeyd edək ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.

Onun atası Q.Rəhimov da zərərçəkmiş şəxs kimi tanınıb. 

***

A.Rəhimov özünü qismən təqsirli bildiyini deyib. O ifadə verərək deyib ki, tələbə yoldaşları ilə birgə gələrkən qəzaya düşüb:

"Mən yolun sağı ilə gedirdim, arxam da boş idi. Sürətimin neçə olduğunu bilmirəm, müstəntiq dedi 100 ilə getmisəm, mən də hər şey tez bitsin deyə razılaşdım. Qabağımda "Şaqman" qəfildən sağa dönmək istədiyi üçün mən məcbur olaraq sol zolağa çıxdım. Elə bildim Prado ilə toqquşmuşam, amma Opeli vurmuşdum. Bizim maşındakılar salamat olduğu üçün düşündüm o birilər də yaxşıdı. Sonra onlara yaxınlaşıb nəbzini yoxladım, artıq dünyalarını dəyişmişdilər. Mən hadisənin şokunda idim, özüm də yaralanmışdım. Təcili yardım maşını ilə getmədim, orada qaldım. Tibbi yoxlamaya axşam getdim. Ölənlərə rəhmət diləyirəm, qalanlara da can sağlığı. Peşmanam".

A.Rəhimov bildirib ki, atası Qalib Rəhimovun "Subaru" markalı maşınını etibarnamə olmadan sürüb.

Hakim C.Hüseynov A.Rəhimovun atası Q.Rəhimova prosesə yerindən müdaxilə etdiyi üçün xəbərdarlıq edib.

***

Zərərçəkən Əflatun Zəbiyev ifadə verərək deyib ki, Lerik rayonundan yeznəsi Füzuli Məmiyevlə birgə "Opel"  markalı maşınla Bakıya gəlib: "Maşını Füzuli sürürdü,  Kamal da öndə oturmuşdu. Qəfildən gurultu oldu, bir anlıq dondum. Sonra məni maşından çölə çıxartdılar, əlimi cibimə vurdum pulqabım yox idi. Arif heç kimə yaxınlaşmadı, onların nəbzini yoxlamasını yalan deyir. Füzuli ilə Kamal ölmüşdü, Arif onların maşında necə qaldıqlarını izah etsin. Qəzada biri 530 manat olan iki ədəd qızıl 10luq sikkəm itib. Tələbim yoxdur, müalicəmə çəkdiyim pulları və qızılı qaytarsalar da sağolsunlar, qaytarmasalar da".

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi