Reketlikdə təqsirləndirilənlərin məhkəməsi qapalı keçirilir

Reketlikdə təqsirləndirilənlərin məhkəməsi qapalı keçirilir
Oxunma sayı: 594

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal"  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan proses qapalı keçirildiyi üçün jurnalistlər zala buraxılmayıb.

Bugünkü iclasda zərərçəkənlər ifadə verir. 

Ötən iclasda müdafiə tərəfi vəsatət verərək işdə ailə sirri və intim münasibətlər barədə video məlumat olduğu üçün qapalı keçirilməsini istəyiblər. Məhkəmə onların vəsatətini qismən təmin edib. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqsədi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib. 

S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi