Reklam üçün ödəniş qaydaları dəyişdirilir

reklam-ucun-odenis-qaydalari-deyisdirilir
Oxunma sayı: 1305

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı "Reklam haqqında" qanunda dəyişikliklər edilməsi təklif olunur. Layihə barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  sədri Ziyad Səmədzadə məlumat verib.

O qeyd edib ki, qanunun 26.2-2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün reklam yayıcısı reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq məbləği həmin quruma ödəməlidir.

Bundan başqa, qanuna aşağıdakı məzmunda 26.2-3-cü bənd əlavə edilir: "Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir". 

Həmçinin 26.8-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi çəkisi 2 kvadrat metrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və reklam hesab edilmir. Qanuna aşağıdakı məzmunda 35.3-cü bənd də əlavə olunur:

"Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı, həmin məbləğin müəyyən edilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir". Qanun layihəsi açıq məkanda reklama icazə alınması üçün prosedurların dəqiqləşdirilməsi, açıq məkanda reklam yerləşdirilməsi və reklam yayımına görə haqqın ödənilmə qaydası və məbləği ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Deputat Elmira Axundova qeyd edib ki, şəhidlərimizlə bağlı, vətənlə , müharibə ilə bağlı reklam plakatları asılmalıdır: “Biz döyüşən ölkəyik. Ona görə qanuna dəyişiklik edilsin ki, hərbi vətənpərvərlik mövzusunda reklam yayıcılarından vəsait tələb edilməsin”. 

Deputat Zahid Oruc da həmkarının fikrini dəstəkləyib: “Müharibə aparan bir ölkə üçün belə şüarlara ehtiyac var. Bu cür banner və şitlər ödənişsiz olmalıdır”. 

Deputat Qənirə Paşayeva da sosial roliklərin televiziyalarda pulsuz göstərilməsinə ehtiyac olduğunu vurğulayıb. 

Dəyişiklik səsə qoyularaq qəbul edilib. 
 

Günel Türksoy