“Relax”da kottecdən ilan çıxdı - Foto

relaxda-kottecden-ilan-cixdi
Oxunma sayı: 6313

Lerikdə məşhur istirahət mərkəzinin otağından ilan çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Aytən Əliyeva adlı istifadəçi sosial şəbəkədə paylaşıb. Bildirib ki, ailəvi olaraq dincəlmək üçün 2 gecəlik Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gediblər. VIP dulex kottec seçsələr də, sonradan gördükləri mənzərə onları xeyli qorxudub:

“Şəkildə yapışqanlı kağıza yapışıb həftəylə qalmış ölü siçan və canlı ilan görürsüz. Kottecə gəldiyimiz gündən otaqda qoxu olduğunu hiss etdik, ancaq əhəmiyyət vermədik. Düşündük ki, bəlkə əşyaların üstünə nəsə tökülüb. Dünən axşam otağa gəldikdə isə belə bir mənzərənin şahidi olduq. Nə yaxşı ki, kağız yapışqanlı olduğu üçün ilan hərəkət edə bilmirdi. Bu gün rəhbərliyə şikayət etmək istədik, burada olmadığını bildirdilər. Uşaqla gəlinən istirahətdə belə təhlükəli vəziyyətlə özləri rastlaşmış olsaydı, hansı reaksiyanı verərdilər maraqlıdır”. 

“Relax” İstirahət Mərkəzinin direktor müavini Famil Kərimov hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hotel meşədə yerləşir və bu kimi halların baş verməsi normaldır:

“Biz müştərilərə tapşırırıq ki, qapını açıq qoymasınlar. Meşə yeridir, otağa quş da girər, arı da, ilan da. Onlar da qapını açıq qoyub. Yazılanlardan xəbərdarıq. Otaqlar hər gün təmizlənir. O siçanın həftəylə qalması mümkün deyil. Ailə ilə də danışıb, prosesi izah etmişik”. 

Günel Hacı