Rəqabətli günümüz olacaqmı?

reqabetli-gunumuz-olacaqmi
Oxunma sayı: 1271

Dünya Sakit

Təxminən bir il olardı çörəyi eyni mağazadan alırdıq: yumşaq, dadlı və gec kütləşən olduğuna görə. Digər mağazalardan çox nadir hallarda çörək götürürdük. Həmin çörəkdən yaxınlığımızda yalnız bir marketdə satılırdı. Nə isə. 3-4 gün öncə səhər aldığımız çörəyin içindən milçək ölüsü çıxdı. Böyük təəssüf hissi ilə o çörəkdən bir daha almamaq qərarına gəldik. 

Hadisə ilə bağlı qonşumuz olan market sahibinə də danışdım. Təəccüblə “yenə?” deyə soruşdu. Dediklərindən məlum oldu ki, o çörəklərdə ilk dəfə deyilmiş milçək, torpaq, hətta böcək çıxırmış: “Neçə mağaza onlardan çörək almağı dayandırıb, biz də azaltmışıq sayını. Həmişə səhər çörəklərində olur belə şeylər. Deyəsən, gecə növbəsində rəhbərlik olmur deyə necə gəldi işləyirlər. Neçə dəfə xəbərdarlıq etmişik, bu dəfə biz də dayandıracağıq onlardan çörək almağı”.

Beləcə, özüm də istəmədən bir müəssisəyə ziyan vurmuş oldum, amma peşmançılıq çəkmirəm. Hesab edirəm ki, çörək kimi müqəddəs nemətə dırnaqarası baxanın gəliri, ümumiyyətlə, olmamalıdır. Bir tərəfdən hətta sevinirəm də. Çörək bişirmə ölkədə çox az sahələrdəndir ki, rəqabət var. İnhisarlaşma yoxdur deyə kimin məhsulu kefyiyyətlidir o daha çox sata, daha çox qazana bilir. Kimsə işinə ürəklə yanaşmırsa, alıcı itirib, daha az qazanır. Bəlkə daha bir mağazanın o müəssisədən çörək almağı dayandırması rəhbərliyi keyfiyyət məsələsinə diqqət yetirməyə vadar edəcək...

Rəqabət, özü də sağlam rəqabət hər yerdə, həmişə inkişaf və keyfiyyət yüksəlişi deməkdir. Təsəvvür edirəm, iqtisadiyyatın bütün sahələrində sağlam rəqabət, ədalətli mühit olarsa, əhalinin həyat keyfiyyəti nə qədər fərqli, nə qədər yüksək ola bilər.  Məsələn, rəqabət olarsa, aldığımız məhsulların istifadə müddətinin keçib-keçməməsi, yaxud necə, hansı şəraitdə istehsal olunması qayğısı yaşamarıq: bilərik ki, vaxtı keçmiş, yaxud keyfiyyətsiz məhsulu satan mağaza-market uzağı bir dəfə bunu edə biləcək – ikinci dəfəyə macal tapmayacaq. Çünki bu əməlinə görə alıcılarını itirəcək, onun yaxınlığındakı – keyfiyyətə daha böyük önəm verən rəqibi qazanacaq. Yaxud satıcıların kobud rəftarını görməyəcəyik, hamısı mülayim, səbirli və şirindil olacaqlar. Əks halda, mal sata bilməyəcəklər.

Avtobus sürücüləri pik saatlarda intervalı azaldıb adi vaxtlardan 2 dəfə çox insanı maşına doldura, ya da sərnişin dolu maşınla avtoşluq eşqinə düşə bilməyəcək. 

Qazın təzyiqi fəsildən asılı olmayaraq daim yüksək olacaq, suyumuz daim gələcək, enerjimiz kəsilməyəcək.

Ali məktəblərdə rüşvətlə qiymətləndirmə, orta məktəblərdə adlı yığımlar da olmayacaq. Valideynlər pulla övladlarına diplom almağa çalışmayacaqlar.

İşçilər yaxşı nəticə əldə etmək, yerində qalmaq, yaxud irəli çəkilmək üçün işinə yaradıcı yanaşacaq, daim öz üzərlərində işləyəcəklər, gördükləri işin keyfiyyəti artacaq.

Həkimlər özlərini həmişə xəstə uğrunda ədalətli yarışda hiss edəcəklər – başdansovdu diaqnozlar qoyulmayacaq, bahalı reseptlər yazılmayacaq, insan həyatı qiymətli olacaq.

Bütün bunlar hazırda bizdə demək olar ki, mövcud deyil. Amma ümid edirəm ki, yaxın bir neçə ildə bunların heç olmasa yarısını görə biləcəyik. Hər halda, ölkədə yeni Rəqabət Məcəlləsi hazırlanır. Düzdür, heç köhnə də qəbul olunmamışdı – 11 ildir Milli Məclisdə 2 oxunuşdan keçib qalmışdı. Deyilənə görə, o layihəni də xarici mütəxəssislərin iştirakı ilə hazırlamışdılar. Amma parlament divarlarını bir türlü aşa bilmədi. Ümid edirəm ki, ikinci layihə birincidən daha keyfiyyətli, ən əsası isə daha bacarıqlı olacaq...