“Rəqibdən qorxmuruq” - Ayxan Abbasov

reqibden-qorxmuruq
Oxunma sayı: 648

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Lüksemburq “Düfferdanj”ını qəbul edəcək “Zirə”nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. "Qafqazinfo" xəbər verir ki, gənc mütəxəssis komandasının cütlüyün aşkar favoriti olmadığını bildirib.

- Rəşad Sadiqovun durumu maraqlıdı? Sanki rəqibdən çəkinirsiniz...

- Çalışdıq ki, ötənilki heyəti qoruyaq. Üç oyunçuyla vidalaşdıq və şükür ki, onların yerlərini doldurmuşuq. Komanda normal durumdadı. Rəşad Sadiqov Türkiyə toplanışında zədələnsə də, artıq bərpa olub. Rəqibi yaxşı təhlil etmişik. Rəqibdən qorxmuruq. Sadəcə, 2007-ci ildən avrokuboklarda iştirak edir. Özü də ilk mərhələni rahatlıqla adlayan komandadı. Doğrudu, bir neçə futbolçuyla vidalaşıblar. Lakin biz onlara qarşı oyuna hazırıq. Mənim üçün də, komanda üçün də bu, debüt ilidi. Çalışacağıq uğurlu olsun. Dəxli yoxdu, rəqib Lükseburqdan olsun, yaxud başqa ölkədən. Biz onsuz da qalib gəlmək üçün mübarizə aparacaqdıq.

- Daha çox hansı aspektə diqqət yetirmisiz: yetirmələriniz həddən artıq arxayın olmasın, yoxsa dizləri əsməsin?

- Mətbuat bizim aşkar favorit olduğumuzu yazsa da, bu, belə deyil. Futbolçuların arxayın olmaması da vacibdi, qorxmamaları da. Biz balansı qorumağa çalışmışıq.

- Heyəti müəyyənləşdirmisiniz?

- Ümumi şəkildə heyət hazırdı. 2-3 mövqeyə görə tərəddüd edirdim. Ancaq artıq ilk “11-liy”imiz müəyyənləşib.

- Hansı sxemdən istifadə edəcəksiniz? Yenə 5 müdafiəçiylə oynayacaqsınız?

- Biz 5 müdafiəçiylə oynayırıqsa, müdafiəni düşünmürük. Bu sxemdə Avropada da oynayırlar. Ancaq biz 2 sistem üzrə hazırlaşmışıq. Sabah da 4-5-1 sxemindən istifadə edəcəyik.

- Ayxan Abbasov üçün Avropa Liqasında hansı nəticə uğurlu sayılacaq?

- Məqsədimiz maksimum irəli getməkdi. Bilirsiniz ki, futbolçularımızın bir çoxu üçün bu, avrokuboklarda debütdü.

- “Astra”nı təhlil etmisiz?

- Onların cəmi 1 oyununu görmüşəm. O da “Vitorul”la oyuna hazırlaşarkən təsadüfən “Astra”yla oyununu izləmişəm.

- Əlinizidə imkan olsaydı, daha hansı mövqelərə oyunçu transfer edərdiniz?

- Biz yalnız Avropa Liqasını düşünmürük. Qarşıda uzun marafon da var. İstədiyimiz mövqeləri gücləndirmişik. Daha bir hücumçu və bir yerli oyunçu transfer etmək istəyirik.

- İlk oyunu evdə oynamağınız dezavantaj deyil?

- Xeyr, biz ilk oyunu evdə oynamaq istəyirdik. Düşünürəm ki, bu, bizim üçün uğurlu olacaq.

-  Belə bir fikir formalaşıb ki, 8 komandalı çempionat avrokuboklardakı çıxışa da mənfi təsir göstərəcək. Siz necə düşünürsünüz?

- Əlbəttə, hamımız daha çox komandanın iştirakını arzulayarıq. Ancaq 12, yaxud 20 komanda oynasa da, heç kim deyə bilməz ki, qızıl medal uğrunda 2 komandadan çox mübarizə aparacaq. Reallıq budu ki, “Qarabağ” və “Qəbələ” bu gün daha üstündü.

- Sponsorlar yəqin ki, debütdə uğur gözləyir. Qarşınıza hansı vəzifə qoyulub? Mərhələ adlasanız, hücumçu alınması ehtimalı artacaqmı?

- Konkret vəzifə qoyulmayıb. Sadəcə, bizdən əzmkarlıq, mübarizlik istəyirlər. Hücumçunu isə nəticədən asılı olmayaraq, almaq istəyirik.