“Rəqibimi yaxşı analiz etmişəm” - “Kobra”dan döyüş öncəsi mesaj

reqibimi-yaxsi-analiz-etmisem
Oxunma sayı: 1710

“Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev aprelin 20-də Moskvada “ACB KB 15” turnirində 77 kq çəki dərəcəsində dünya kəməri uğrunda mübarizədə çeçen əsilli Rusiya idmançısı İslam Baybatırovla döyüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu gün Boks Federasiyasının mətbuat zalında sözügedən vacib qarşılaşma öncəsi mətbuat konfransı keçirilib.

P.Abdullayev döyüş və keçdiyi hazırlıq barədə bunları deyib:

“Kəmər uğrunda 5-ci qarşılaşmamdır. Bu dəfə 5 raund döyüşəcəm. Tam qüvvəmlə aydan artıq hazırlaşmışam. Qalib gəlmək üçün rəqibdən bir deyil, iki dəfə güclü olmalısan. Yoxlama döyüşlərim olub. Bakıda və Qəbələdə təlim-məşq toplanışları keçirmişik.”.

Hücum döyüşünü sevdiyini və rəqibini yaxşı analiz etdiyini deyən “Kobra”, rəqibinə mesaj göndərib:

“Zəif və güclü nöqtələrini bilirəm. Hər zamankı kimi özümə güvənirəm”.

Abdullayev bu döyüşdən sonra mötəbər “Glory” turnirinə qayıdacağına inandığını da bildirib.

Döyüşçümüzün meneceri Faiq Abdullayev isə Moskvada Pərvizin dəstəksiz qalmayacağını, Azərbaycan diasporunun ona dəstək olacağını söyləyib.

Xatırladaq ki, bu qarşılaşma Pərviz Abdullayevin peşəkar karyerasındakı 53-cü döyüşü olacaq. Abdullayev öncə keçirdiyi döyüşlərdə 22-i nakautla olmaqla, 46 qələbə qazanıb.

Qeyd edək ki, Prəviz Abdullayev “Qəbələ” İdman Klubunun idmançısı, əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Bakıda keçirilən IV İslam Oyunlarının uşu sanda üzrə bürünc mükafatçısıdır.