Rəşad Dağlıdan nicat uman xəstələr...

resad-daglidan-nicat-uman-xesteler
Oxunma sayı: 935

Seymur Verdizadə

Saatın əqrəbləri 12-nin üstündə cütlənəndə telefonuma zəng gəldi. Ekranda onun nömrəsini görəndə, əməlli-başlı dilxor oldum: “İşi düşməsə, zəng etməz...”

Gecə 12-də narahat etsə də, üzrxahlıq diləməyə lüzum görmədən birbaşa mətləbə keçdi: “Rəşad Dağlının nömrəsini mesajla mənə göndərə bilərsən?”

Yuxulu olduğum üçün onun nə istədiyini əvvəlcə yaxşı başa düşmədim: “Rəşad Dağlı kimdir?”

Narazı halda dilləndi: “O boyda kişini tanımırsan? Meyxanaçıdır. Təcili danışmalıyam. Vacib məsələdir”.

Yuxuma haram qatmağını qohumuma bağışlamaq niyyətində deyildim: “Sən də meyxana deməyə başlamısan? Toylara neçəyə gedirsən?”

Adam səsinin tonunu bir az da qaldırdı: “Müəllim, məni ələ salırsan? Dedim axı, vacib məsələdir. Uşaq gözümüzün qabağında şam kimi saralıb. Təcili pul lazımdır”.

Əmin olun ki, mən də sizin kimi heç nə başa düşmədim: “Uşaq kimdir? Niyə xəstələnib?”

Qısa pauzadan sonra aram-aram danışmağa başladı: “Qonşu Sərvinazın gəlini Güldəstə ağır xəstədir. Bir ay əvvəl doğuş zamanı travma alıb. Təcili əməliyyat olmalıdır. Əməliyyat üçün 8 min manat pul istəyirlər. Onların isə bir qəpik də pulları yoxdur”.

Məsələdən hali olandan sonra əl-ayağa düşdüm: “Sabah Sərvinaz arvadı da götürüb Bakıya gələrsən. Bir yerdə Səhiyyə Nazirliyinə gedərik. Mümkün olsa, Oqtay müəllimlə, əgər alınmasa, müavinlərdən biri ilə görüşərik...”

Kişi sözümü tamamlamağa imkan vermədi: “Yox e, burda nazirlik iş yoxdur. Bizə ancaq Rəşad Dağlı kömək edə bilər”.

Gecə vaxtı işə düşmək buna deyirlər. Amma yenicə ana olmuş qadının xatirinə özümü səbirli aparmağa çalışırdım: “Rəşad Dağlı cərrahdır? Xəstəni o əməliyyat edəcək? Deyirəm, nazirin qəbuluna gedək, sən isə yapışmısan Rəşad Dağlının ətəyindən, buraxmırsan...”

Qohumum səsinə bir qədər həlimlik qatdı: “Müəllim, sən Allah, incimə. Əlimiz yanır, ağzımıza təpirik. Əməliyyat ancaq özəl xəstəxanada həyata keçirilməlidir. Bunun üçün isə pul lazımdır. Eşitmişik ki, Rəşad Dağlı xeyirxah adamdır. Gəlinin ağır vəziyyətdə olduğunu bilsə, kömək edəcək. Meyxanaçı dostlarının hərəsindən min manat yığsa, bəs edər”.

Qohumuma söz verdim ki, səhər açılan kimi Rəşad Dağlının nömrəsini tapıb, mesajla onun telefonuna göndərəcəm...

Dünən gecədən bəri bir neçə sual mənə rahatlıq vermir: niyə bizim ölkədə insanlar dövlət xəstəxanalarına etibar etmirlər? Söhbət etdiyim vətəndaşlar bunu dövlət xəstəxanalarının maddi-texniki bazasının zəif olması ilə əlaqələndirirlər. Bəs, dövlət niyə öz xəstəxanalarının maddi-texniki bazasını gücləndirməyin qeydinə qalmır? Hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan milyonlarla manat vəsait hara sərf olunur? Məmməd, Əhməd, Qəşəm kimi özəl xəstəxana sahiblərinin Azərbaycan dövlətindən çox pulu var? Məmmədin aldığı avadanlığı Səhiyyə Nazirliyi niyə ala bilmir?

Keçək, əsas məsələyə. Azərbaycanda savadsız, bacarıqsız həkimlərin olduğunu heç kim danmır. Amma o da var ki, Azərbaycanda hamının xaricdə müalicə olunmaq imkanı yoxdur. Bu ölkədə minlərlə, hətta yüz minlərlə xəstə məhz Azərbaycan həkimlərinin səyi nəticəsində şəfa tapıb. Məsələ burasındadır ki, özəl xəstəxanalarda çalışanların da 90 faizi azərbaycanlı həkimlərdir. Həkim iş yerini dəyişəndə, savadı artmır. Demək istədiyim odur ki, dövlət xəstəxanalarına olan inamı geri qaytarmaq lazımdır. Səhiyyə Nazirliyinin başbilənləri papaqlarını qabaqlarına qoyub, bu barədə yaxşı-yaxşı düşünməlidirlər.

Nəhayət, Rəşad Dağlı ilə bağlı məsələyə də münasibət bildirmək istəyirəm. Əgər Rəşad kiməsə əl tutub, kömək edirsə, sağ olsun. Allah ürəyinə görə versin! Yəqin Rəşad da bilir ki, bu ölkədə əməliyyata ehtiyacı olan minlərlə xəstə var. Mən dəqiq bilirəm ki, Rəşad Dağlının onların hamısına kömək etməyə maddi imkanı yoxdur. Buna görə də xəstələri təyinatı üzrə yönləndirmək lazımdır. Xəstələrə dövlətin resurslarından istifadə etməyi öyrətmək lazımdır.

P.S. Bir sənət adamı var. Ərə gedən bir qıza televizor, digərinə soyuducu bağışladı. Qısa müddət ərzində adı dillər əzbəri oldu. Axırda kömək üçün o qədər çox müraciət etdilər ki, baş götürüb ölkədən getdi. Bu yaxınlarda Bakıya qayıdıb, amma yenə həftədə üç dəfə nömrəsini dəyişir...