“Rəşadın yerində biz də olsaq, əsəbiləşərik” - Qurban Qurbanov

resadin-yerinde-biz-de-olsaq-esebileserik
Oxunma sayı: 1499

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov U-21 yığmasının Gürcüstandan olan həmyaşıdlarına məğlub olduğu (1:2) yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Komandanın oyunundan razı qaldız?

- Oyun ərzində çox dəyişikliklər oldu. İlk oyun idi. Yəqin ki, baş məşqçi bütün futbolçulara şans vermək niyyətində idi. Sadəcə, demək olar ki, 5-7 dəqiqəni məğlub olduq. Çox maraqlı oyun alındı. İlk hissədə yaxşı qol imkanlarımız oldu, ikinci hissədə daha yaxşı oyun sərgilədik. Qapıçımızın səhvindən sonra komanda bir neçə dəqiqə oyununu itirdi. Amma yenə də yaxşı, düşünülmüş hücumlarımız oldu. Bəzi oyunçulardan razı qaldım.

- Gənclərlə bağlı sizi narahat edən hansı məqamlar var?

- Narahat olduğum məqam yoxdu. Sadəcə, 5-7 dəqiqə ərzində oyunu uduzduq.

- Xaricdə top qovan futbolçulara daha çox ümid bəsləyirik. Necə düşünürsünüz, onlar gələcəkdə millimizə xeyir verə biləcəklər?

- Bəzi oyunçular fərqlənir. Məsələn, Ziya Əzizovun oyunu mənim üçün maraqlı oldu. Ozan Can sonradan oyuna daxil oldu, aqressivlik, sürəti var. Fərid Nəbiyev az müddətdi xaricdə oynasa da, pis təsir bağışlamadı.

- Rəşad Sadıqov qapımızda gördüyümüz hər iki qoldan sonra əsəbləşdi. Bunu yaşla əlaqələndirmək olar? Çünki siz məşqçi kimi belə reaksiya göstərmirsiniz.

- Rəşada fikir vermədim. Əlbəttə, səhvlər olanda əsəbililik olacaq. Gənclərdə səhvlər daha çox olur, nəinki təcrübəli futbolçularda. Bəlkə biz də onun yerində olsaq, əsəbləşərik. Bundan başqa, Rəşad məğlub olmaq istəməyən insandı. Əsəbi olmasını normal qarşılamaq lazımdı.

- Siz həm U-20, həm də U-21 komandasını görmüsünüz. U-20-nin daha istəkli olması fikri ilə razısınız?

- Rəşad 21 yaşlılarda daha çox olub. Ümumiyyətlə, futbolçularda istək, aqressivlik önəmlidi. Ola bilər ki, Rəşad bunun üzərində çox çalışır.

- Əsas milli komandanın heyətini nə zaman açıqlayacaqsınız?

- Ayın 21-də açıqlamaq fikrimiz var.

- Bir neçə futbolçunun "Qarabağ"dan ayrılması ilə bağlı xəbərlər yayılıb. Son olaraq Əfran İsmayılovun gedəcəyi yazılır. Bu barədə nə deyə bilərsiniz?

- Hələ ki, yenilik yoxdu. Bütün futbolçularla təklikdə görüşümüz olacaq. Əfran İsmayılova gəlincə, o, mövsümün son oyununa qədər "Qarabağ"ın futbolçusudu.