Rəsmi Bakıdan Kolorado Senatının qondarma Qarabağı tanımasına - Reaksiya

resmi-bakidan-kolorado-senatinin-qondarma-qarabagi-tanimasina
Oxunma sayı: 1001

Xarici İşlər Nazirliyi ABŞ-ın Kolorado ştatının Senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun tanınması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Qafqazinfo”nun sorğusuna cavabında bildirib ki, 24 aprel tarixində Kolorado ştatının 35 nəfərlik senatı tərəfindən qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamədə Ermənistan və qondarma “artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir:

“Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadın guya həmin qurumun tanıması kimi təqdim etməyə cəhd edib. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir”.

XİN rəsmisinin sözlərinə görə, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.

L. Abdullayeva qeyd edib ki, ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.