“Rəsmilər İrandan qorxduğu üçün cavab vermirlər”

resmiler-irandan-qorxdugu-ucun-cavab-vermirler
Oxunma sayı: 651

Ermənistan paytaxtında Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin cəbhədəki snayperlərin geri çəkilməsinə dair bəyanatı, yazıçı Rafiq Tağının müəmmalı şəkildə qətlə yetirilməsi, İran tərəfindən Azərbaycana edilən təhdidlər və digər əhəmiyyətli məsələlər ətrafında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev fikirlərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik

- Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin cəbhə xəttindən snayperlərin geri çəkilməsi haqqında səsləndirdikləri təklifi necə qiymətləndirirsiniz?

- Bu tip çağırışların edilməsi Ermənistanın maraqlarına cavab verir. Uzun illərdir ki, erməni tərəfi beynəlxalq qurumlar, həmsədrlər qarşısında snayperlərin geri çəkilməsinə dair məsələ qaldırırlar. Azərbaycan tərəfi isə bu təklifi rədd edir, deyirdi ki, bizim torpaqlarımızda nə işiniz var. Yəni gəlib torpağımda oturmusan və utanmadan deyirsən ki, snayperləri geri çək. Fikrimcə, bu məsələdə Azərbaycanın mövqeyi haqlıdır. Son zamanlar əsgər ölümləri Ermənistanda ciddi narazılığa səbəb olur. Keçirilən mitinqlərdə qaldırılan məsələlərdən biri də əsgər ölümüdür. Ermənistan əhalisi həmdə ölkəni tərk edir, valideynlər övladlarını ölkədən çıxarırlar, düşünürlər ki, övladları cəbhədə ölə bilər. Həmdə 1988 -1994-cü illərdən fərqli olaraq əhali hesab edir ki, Ermənistan onların deyil, hakim elitanındır. Əhali isə elitanın təbəsidir. Ermənistanda sosial ədalətin gözlənilməməsi, varlılarla kasıblar arasında dərin təbəqələşmə, ölkənin regional layihələrdən kənarda qalması ilə yanaşı əsgər ölümləri əlavə gərginliklər yaradır. Onlar düşünürlər ki, snayperlər geri çəkilsə ölüm halları olmayacaq. Azərbaycanda üzərinə öhdəlik götürüb ki, problemi sülh yolu ilə həll etsin. Onlarda Kəlbəcərdə dəmir yolu çəkirlər, Şuşa və Laçında məskunlaşma həyata keçirirlər. Bir sözlə istəyirlər ki, qorxusuz yaşasınlar, əsgər ölümləri, müharibə hiss edilməsin. Bu baxımdan da hesab edirik ki, dini liderlərin belə bir bəyanatı verilməməli idi. Amma əlbəttə ki, mən QAT-ın şeyxi təhqir etməsini pisləyirəm. Fikrimcə, ən sərt tənqiddə etik çərçivədə ifadə olunmalıdır. Şeyxin bu addımının ölkə maraqlarına cavab verməyən, yanlış addım hesab etsək də, qeyd etməliyik ki, şeyx ölkədə dini tolerantlığını təmin olunmasında müstəsna rol oynayır. Əvvəllər Aşura vaxtı Bakıda və bəzi bölgələrimizdə insanlar özlərinə bədən xəsarəti yetirirdilər, zəncirlər bədənlərinə zərbə endirirdilər. Bunların qarşısının alınmasında, əvəzində qan vermə kampaniyasının həyata keçirilməsində, dinin dövlətdən kənarda saxlanılmasında, dinin siyasiləşməsinə imkan verilməməsində Şeyxin xidmətləri var. Hər bir kəs Şeyxin hörmətini saxlamağa borcludur. Amma bu, o demək deyil ki, ölkədə kimsə tənqiddən kənarda qala bilər. Əslində ölkəmizdə hər bir dindar da torpaqlarımızın işğaldan azad edilməsi tələbi ilə çıxış etməlidir.

- Amma nədənsə son dövrlər Dağlıq Qarabağ məsələsi sanki siyasi gündəmdən çıxıb. Sizcə, buna səbəb nədir?

- Razıyam ki, son vaxtlar Qarabağ məsələsi gündəmdən çıxır, onun yerinə terror hadisələri, kiminsə işdən çıxarılması kimi məsələlər gəlir. İllərdə bir-birini əvəz edir. Qarabağı görən insanlar tədricən dünyasını dəyişir, başqa bölgələrimizə sığınan məcburi köçkünlərin ailələrində yeni-yeni uşaqlar dünyaya göz açır. Beləliklə də, biz Qarabağdan uzaqlaşırıq. Bu səbəbdən də düşünürəm ki, tutduğu peşəsindən asılı olmayaraq vətəndaşlarımız Qarabağ məsələsini diqqətdə saxlamalı və azad edilməsini tələb etməlidir. Dini liderlərin məlum bəyanatında qeyd edilməli idi, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, işğal edilən torpaqlar azad edilməlidir. Amma dini liderlərin bəyanatı həmsədrlərin bəyanatına oxşayır. Həmsədrlər qeyd edirlər ki, problem sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. Azərbaycan beynəlxalq hüququn onun, Ermənistan isə öz tərəfində olduğunu qeyd edir. Beləcə illər keçir. Ermənilər əvvəlcə qeyd edirdilər ki, gələn yolları, komunikasiyanı açaq, gediş-gəliş olsun. Azərbaycan ictimaiyyəti bu təklifi birmənalı rədd edirdi. Sonradan ermənilərin təkliflərini tədricən beynəlxalq qurumlar reallaşdırmağa başladılar. Əvvəlcə 1 jurnalist apardılar, sonra QHT nümayəndəsini, səfirləri, ziyalıları... Bu illər ərzində ermənilər istədiklərini biz istəmədən bizə qəbul etdirirlər. İndi də snayperləri çəkirlər, bir azdan deyəcəklər ki, ordunu təmas xəttindən 50 kilometr geri çəkək, sonra deyəcəklər ki, təmas xəttinin 100 kilometrliyində heç kim hərbi təlim keçirməsin, qoşun saxlamasın və s. 20 il öncə heç kimi ağlına gəlməzdi ki, kimsə Ermənistana gedə bilər. Həmdə ermənilərin bura gəlməsini anlamaq olar. Beynəlxalq qurumlar deyir ki, Bakıda o şərtlə tədbir keçiririk ki, ermənilərin gəlişi təmin olunsun. Biz bu imkanı yarada bilərik. Bax bizim ora getməyimizin adı nədir? Ermənistandakı tədbirdə bizim nümayəndə heyətimiz iştirak etməsə dünya dağılacaq. Azərbaycan deməlidir ki, torpağımı işğal eləmisən, mən işğalçının ərazisinə ayaq basmıram. Təsəvvür edin ki, ikinci cahan müharibəsindən sonra ruslar Berlinə gedərdi və o tərəfdən də faşistlər gələrdi. Bu mümkün idimi? Hesab edirəm ki, artıq beynəlxalq güclər tədricən Ermənistanın istədiklərini bizə qəbul etdirirlər. İctimaiyyət buna qarşı çıxmalıdır.

- Yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirilməsindən sonra İran-Azərbaycan münasibətləri yenidən müzakirə mövzusuna çevrilib. Rəsmilər münasibətlərin normal olduğunu iddia etsə də, hər gün ittihamların şahidi oluruq. Sizcə, münasibətlərdə nələr baş verir?

- Rafiq Tağının ölümündən məyus oldum. Əvvəla Azərbaycan Rafiq Tağını qoruya bilmədi. Müqayisə qüsurludur, amma Salman Rüşüdünün barəsində də İran ölüm fətvası vermişdi. Amma Böyük Britaniya hesab etdi ki, bu məsələ dövlətin imicidir. Onu qorumaqla göstərdi ki, vətəndaşımı asanlıqla öldürə bilmərsən. Bizim hökumət bilirdi ki, İran mollaları fətva veribsə, bu icra edilə bilər. Bu səbəbdən də yazıçının təhlükəsizliyi gücləndirilməli idi. İkincisi, bunu təmin etməmək bir yana, hadisədən sonra bizim rəsmilərin verdiyi reaksiya təəssüfedici oldu. Bəzilərinin dedi ki, hər iki tərəfdən aranı qızışdırmaq istəyənlər var. Bu bir növ bəzi beynəlxalq qurumların Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoymağa bənzədi. Həmin təşkilatların cəsarəti çatmır ki, işğala məruz qalanla, işğalçını adı ilə göstərsin. Hesab edirəm ki, verilən fətvadan sonra cinayət işi qaldırılmalı idi. Çünki ölümlə hədələmə bitmiş cinayətdir. Sübut olunsaydı ki, vətəndaş fətvadan sonra öldürülüb, bu halda həmin şəxsə qarşı qəsdən adam öldürmədə təhrikçilik maddəsi ilə cinayət işi qaldırılmalı idi. Azərbaycan cinayət işi qaldırıb bu ayətullahları tələb etməli idi. Əgər İran qanunları ilə vətəndaşın verilməsi mümkün deyilsə, bu zaman cinayət işi İran prokurorluq orqanlarına təqdim edilməli idi. Onlar baxmayacaqsa, materialları toplayıb Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək olar. Bu gündə gec deyil və bu məsələnin üzərinə gedilməlidir. Amma demək ki, İranla problemimiz yoxdur. Həmdə orda da, burda da aranı qatmaq istəyənlər var demək dövlətin maraqlarını qorumaq yolu deyil.

- İranda aranı qatmaq istəyənləri bildik, bəs bu yanda aranı qatmaq istəyənlər kimdir ki?

- Məndə onu deyirəm, Azərbaycanda kimdir ki, aranı qatmaq istəyən? Halbu ki, Azərbaycana qarşı bir “Səhər” kanalı açılıb və peyklə yayımlanır. Özləri də, bilir ki, bu Şimali Azərbaycana hesablanıb, çünki İran ərazisində peyk antenaların istifadəsi qadağandır. Bu kanalda prezidentdə, ölkənin siyasətçiləri də təhqir olunur. Azərbaycan hətta İranın bir hissəsi kimi göstərilir. İranın rəsmiləri, generalları, mollaları Azərbaycan barəsində hədiyanə danışırlar. Bizdə də bəziləri deyir ki, iranlı mollalarının cavabını Azərbaycan mollaları versin. Amma nəzərə almırlar ki, İran islam dövləti olduğundan oradakı mollalar elə hakim partiyanın nümayəndələridir. Yəni onlar hakimiyyətdə olduğu üçün dedikləri rəsmi sözlərdir. Quruluşlar fərqlidir. Odur ki, İran mollalarını bizim mollalarla müqayisə etmək əslində rəsmilərin öz yaxalarını geri çəkməsi kimi görünür. Bunu gizlətmək mümkün deyil, Azərbaycan ictimaiyyəti də görür ki, bunlar qorxurlar. Özü də dövlət üçün deyil, şəxsi təhlükəsizlik üçün qorxmaq qabarıq görünür. Bu şübhəsiz ki, insanlarda öz dövlətinə olan güvəni azaldır. Başqa dövlətin ayatullahsı bəyanat verir və dövlət səviyyəsində buna cavab verir. İran generalı bəyanat verdi ki, Türkiyədəki ABŞ bazalarını vuracağıq. Türkiyə dərhal İrana nota verdi. İran hərbiçisi, generalı prezidentimizdən tutmuş hamını hədələyir. Görün buna qarşı bir bəyanat verən var? Mən anlayıram ki, hökumət münasibətləri qoruyub saxlamaq istəyir. Amma daha İranın qarşısından bu səviyyədə qaçmaq ağır fəsadlar verə bilər. Bu İrandakı mollaların aktivləşməsinə və azğınlaşmasına imkan verəcək. Biz rəsmilərimizin necə qorxduğunu gördüyümüz kimi onlarda görür. İranın da burda böyük kəşfiyyat agenturası oturub. Məni narahat edən siyasi partiyaların, blokların verdiyi bəyanatlar idi. Bu bəyanatların birində Rafiq Tağı haqqında ölüm fətvasının verilməsi faktı qeyd olunmadı. Ən azından bu məsələ əsas versiya kimi araşdırılmalıdır. Amma verilən bəyanatlarda bu faktın, eləcədə fətvanın yerinə yetiriləcəyinə dair Nardaranda mitinqdə açıqlama verilməsinin nəzərə alınmaması göstərir ki, partiyaların siyasətini müəyyən edən insanlarda qorxur. Əlbəttə ki, qorxu insana xas xüsusiyyətdir. Ancaq böyük məqsədlər uğrunda, dövləti idarə etmək iddiasında olan insanlar gərək bundan çəkinməsinlər.

- Təklif edirsiniz ki, sona qədər bu məsələnin üzərinə gedilməlidir?

- Bu məsələlərin, faktların üzərinə getmək lazımdır. Onların çoxu dövlətə güvənirmi ki, dövlət onların təhlükəsizliyini təmin edəcək. Amma bu belə olmuş olsa da, faktların üzərinə getmək lazımdır. Çünki bizlər təkcə özümüzü deyil, övladlarımızı, gələcək nəsilləri düşünməliyik. Azərbaycan bu cür yanaşma ilə hara gedə bilər. Bəziləri öz qorxaqlığını ört-basdır etmək üçün deyirlər ki, bu qətli hökumət törədib. Hökumət bunu tuta bilərdi, daha öldürməzdi. Məncə, bu da qorxaqlığı ört-basdır etmək məqsədilə ortaya atılan fikirdir. Hətta internet kanallarda, mətbuatda bəziləri Azərbaycan xalqını qorxaqlıqda ittiham edirlər ki, xalq rejimə qarşı mübarizə aparmır. Əslində bu qorxaqlıq nümunəsi deyil. Sadəcə olaraq düşüncə məsələsidir ki, xalq nə qədər azad cəmiyyətdə yaşamaq istəyir. Məncə, əsl qorxaqlıq nümunəsi Rafiq Tağı məsələsində faktlara münasibət bildirməmək, üzərindən sükutla keçməkdir. Bizim mövqeyimiz belə idi ki, cinayətin üstü 3 günə isti-isti açılmasa hökumət Türkiyədən, Avropadan və ABŞ-dan ekspert-kriminalistlər dəvət etməlidirlər. Çalışılmalıdır ki, bu cinayətin üstü açılsın. Azərbaycan elə bir bölgədə yerləşir ki, İranı bir kənara qoysaq da, ortada Ermənistan var. Odur ki, bizdə insanın təhlükəsizliyi önə çəkilməlidir. Bakıya bu qədər pullar xərclənir. Büdcənin az qala 40 % investisiya xərclərinə gedir. Şəhərdə təhlükəsizlik kameraları quraşdırılmalıdır. Londonda hətta taksilərdə, avtobusların içində kameralar quraşdırılıb. Bu səbəbdən də orada belə cinayətləri dərhal aşkar eləmək asandır. Bu illər ərzində bizdə də bunu eləmək lazım idi. Elə küçə var ki, indiyə qədər döşəməsini 4 dəfə dəyişiblər, yeni tikilən binalara üzlük vurulmasına milyonlar xərclənilir. Amma kamera quraşdırılmır. Nəzərə alın ki, təhlükəsizlik kamerasının quraşdırılması cəmi 150 manatdır. Vətəndaşlarımız naminə bunu eləmək lazımdır. İran mollaları “Avroviziya”-nın Bakıda keçirilməsini islama qarşı həqarət kimi qiymətləndirirlər. Bunlar ölkədə qarışıq yaratmaq üçün hər şey edə bilərlər. Bura xaricdən qonaqlar, turistlər gələcək. Onların təhlükəsizliyi təmin edilməlidir. Yoxsa 5-6 yolu böyük vəsaitlə təmir edirlər və bu zaman insan amili nəzərə alınmır. Bakı əhalisinin çoxu tıxaclara görə, əsəb xətəliyinə tutulub. Yasamal qəbiristanlığının bu başından, o başına olan 500 metrlik yolu aylarla təmirə dayanır. Bu şəhərə giriş hissədədir. Təəssüflə demək istəyirəm ki, insan faktorunun önə çəkilməsinə dair istiqamətdə hökumətin siyasəti heç də ürək açan deyil.

“Bizimyol”