“Rəsulzadənin nəvəsinə də Cümhurriyyətlə bağlı medal verilsin”

resulzadenin-nevesine-de-cumhurriyyetle-bagli-medal-verilsin
Oxunma sayı: 1711

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. “Qafqazinfo” xəbər verir ki, parlamentin spikeri Oqtay Əsədov öncə dekabrın 7-sinin Azərbaycan Parlametinin ilk iclasının keçirildiyi gün olduğunu xatırladıb və bu münasibətlə millət vəkillərini təbrik edib.

 Daha sonra deputat, Azərbaycan- Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əli Hüseynli çıxış edərək qeyd edib ki, bu günlərdə  İrəvan şəhərində ermənipərəst deputat Konstantin Zatulinin təşəbbüsü ilə “Lazarev klubu”  yaradılmışdır: “Son dövrlərdə Rusiyanın siyasi elitasını təmsil edən bir sıra adamlar Azərbaycanda səfərdə olublar. Onlarla Rusiya-Azərbaycan əlaqələri, o cümlədən də Qarabağ münaqişə ilə bağlı bir sıra müsbət fikirlər səsləndirilib. İndi isə yaradılan bu qrup görülən işlərə, obyektiv yanaşmalara uğursuz cavab cəhdidir.

Hətta erməni saytları da yazır ki,bu, ağrıkəsici yox, ağrıartırıcı bir təşəbbüsdür.  Bu,  hətta  reallıqda soyuq olan Ermənistan-Rusiya münasibətlərinə “pozitiv” ruh verməkdən başqa bir şeyil. Mən xahiş edirəm ki, spiker kimi sizin səviyyənizdə Rusiya Dumasına məktub göndərilsin”.

Spiker Oqtay Əsədov isə cavab olaraq qeyd edib ki, o artıq Rusiya Dumasının sədri Vyaçeslav Volodinə bununla bağlı məktub yazdığını və etiraz etdiyini bildirib: “ Onun fikirləri Azərbaycan -Rusiya münasibətlərinə təsir edə bilməz”.

 Deputat Fazil Mustafa isə Cümhuriyyətin qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Eyni zamanda təklif edib ki, Cümhurriyyətlə bağlı yubiley medalı hansı deputatlara veriləcəksə, bu gün təntənəli şəkildə bu iclasda baş tutsun: “Təklif edirəm ki, bu mükafat Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin. Rəsulzadənin nəvəsi Azərbaycanın tanınmış rəssamıdır. Ona da bu medal verilsin. Hansı ki, Rəis Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi”.

***

Spiker Oqtay Əsdəov deputat Fazil Mustafanın Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifinə cavab verib. “Qafqazinfo” xəbər verir, o, bildirib ki, bu gün bayram gün olduğu üçün onları yad etməyi düzgün saymır: “Biz onları başqa günlərdə daim yad edirik. Hətta bir müddət öncə təntənəli yubiley iclasını da keçirdik.  Parlamentin yüz illiyi ilə bağlı kitabda da onlar haqqında geniş məlumat verilib.Yubiley medalına gəlincə isə, onlar hazırdır. Yaxın günlərdə keçiriləcək iclasların birində deputatlara təqdim ediləcək”.

 Günel Türksoy