Riyakarlıq püskürməsi...

riyakarliq-puskurmesi
Oxunma sayı: 865

Fərid Hüseyn

Sovet imperiyası dağılıb, ancaq o imperiyanın qalıqları, xıltları, zığları çökən bəzi beyinlər, şüurlar dipdiridir. Zamanla, vaxtla həmnəfəs, həmnəbz olmaq hər kitab oxumaqla gözünün ağı gedənə, mədəni sahələrə illərini qurban verənə nəsib olan xoşbəxtlik deyil. 

Sovet dövründə bir neçə ədəbi orqan vardı və həmin mətbu ünvanlarda çap eilməkdən özgə yazı-pozu əhlinin üz tutacağı yerlər olmayıb. Həmin ədəbi orqanların birində hansısa cavanın şeirlərini çap etmək onun imzasının səsini ölkə boyunca eşitdirmək idi. Ancaq müstəqillik dövründə bu cür “tale düzəltmələr” keçəmədi, yerimədi. 

Bu gün bir yazarın mətnini bir orqan dərc etmir, səhəri baxırsan ki, başqa bir saytın müəllifidir və ilk yazılarına belə reallığımıza uyarlı qonorar alırlar – cibləri sevinir. Ancaq Sovet imperiyasının xislətinə alışmışlar hələ də orda-burda cavan yazıçılara minnət qoyurlar: “Səni mən çap eləmişəm”. Belinski Dostoyevsknin əsərini bəyənməmişdi və buna görə az qala iki onillik Dostoyevsknin şöhrəti gecikdi, ancaq heç kəs onun qarşısını ala bilmədi. Dostoyevski günəşi yenə parladı. İndi o zamanlardan iki əsr ayırır bizi, fəqət vaxtın işığına kor olan, yeni çağın nurundan gözləri qamaşan yarasaxislətlilər hələ də reallığı keçmişlə bağlamağa meyllidirlər. Elə bilirlər ki, kimisə ilk yazılarını çap etməklə ona yol açıblar, guya onların nəşr elədikləri yazarların kitablarını dünya nəşriyyatları  alır, yazı-pozu əhli milyonlar qazanır.

Reallığımızda istedadı və istedadsızlığı cibdə gizlətmək olmur. Əgər kimsə yanına məşuqəni müəllif kimi üzünə tutub getməyibsənsə, yaxud boşqabını yaladığı kiminsə yazısından ötrü minnətçi düşməyibsə, istedadı  və keyfiyyətli mətni ilə redaksiyaya gəlibsə, yaxud yazı göndərib zəng edibsə redaktor kimi buna ancaq və ancaq sevinmək, həmin müəllifin yeri gələndə kaprizlərinə dözmək, yeni yazıları üçün tələsdirmək lazımdır. Çünki yaxşı yazının, tərcümə mətninin feyzini duyanlardan biri də redaktordur və peşəkar, vicdanlı redaktoru ancaq səliqəli yazıyla, fərqli fikirlərlə, istedadlı mətnlə sevindirmək olar. Bunu yaratdığı saytı, qəzeti “qonaqlıq dilənmək üçün obyekt” edənlər hardan bilsin?!

Əgər redaktor ilk yazılarını çap etdiyi müəllifin sonradan artan şöhrətinə, püxtələşən yazı dəsti-xəttinə baxıb sevinmirsə, deməli, içində paxıllıq hörümçəkləri tor qurub və ədəbiyyatın işıq selinin qabağını bağlayıb. Onda bu cür “Səni ilk dəfə mən çap etmişəm” minnətinə qarşı yazar da redaktora deyə bilər ki, sənin mətbu orqanın da mənim yazılarıma görə maraqlı idi. Çünki istedadlı müəlliflər olmasa qəzet, sayt necə oxunaqlı ola bilər?  

Əgər minnət qoymaqdan, xeyirxahlıq eləməkdən söhbət gedirsə, bunu “səni ilk dəfə mən çap eləmişəm” deyən boşboğazlar yox, müəllifin ilk yazılarına yön verən, dərc etməyəndə niyəsini, səbəbini izah edən, cümlələrini dəyişən, yazıdakı məntiqi ardıcıllığa baxan, fikirləri montaj edən, şərh olunmalı yerlərə şərh verən, illəri və adları tutuşduran, toxuntulu yerləri izah edən, bəzi cümlələri seçdirib bir da baxmaq, düzəltmək üçün müəllifə göndərən, mətni əcnəbi dillərin yersiz təsirlərindən arındıran, kəsəsi müəllifin yetişməsinə, əlinin yazıya yatmasına öyrəşdirən usta redaktorlar deyə bilər. Yoxsa özü fərəzən günə çıxmamış, tərəzisinin salxaq gözüylə çəkə-çəkə özünü ülgü, metr sayanların havadan hallanan “səni mən çap eləmişəm” kimi döşünədöyən riyakarlıq püskürmələri cavan yazarlarda sadəcə gülüş doğurur, xoş məclislərin lağ-lağısına çevrilir. Belə redaktorların uğursuzluqları daim başqalarının uğurlarından dilənir...

Hər il London Kitab sərgisində naşirlərlə yazarların 3 günlük görüşü olur, yazarların əsərlərini bir neçə dəqiqə oxumaqla çap olunub-olunmayacağını onlara deyirlər, hətta kimlərləsə müqavilələr də bağlanır. O redaktorların seçdiyi bəyənimli əsərlər müəlliflərin sonrakı taleyini müəyyənləşdirir, şöhrət qapılarını üzlərinə açır.  Ancaq bizdəki kimi naşir-redaktor-müəllif arasında minnət suları qaynamır. Çünki hər üçü keyfiyyətli, hesabladığı auditoriyaya gərəkli material haqqında düşünür. Bizdə isə bır sıra redaktorlar hələ də göylərdədirlər, reallıq hissini biryolluq itiriblər: kimisə nə vaxtasa çap etməyin feyzindən doymurlar, gəvəzəlik fürsəti düşən kimi ağızlarından horra tökülə-tökülə “səni mən çap eləmişəm” minnətini dilə gətirərək öz yarımçıqlıqlarını, xiffətindən belə kam aldıqları keçmiş “baş redaktor”, “redaktor” “vəzifələrini” gözə soxmağa çalışırlar. Yarımçıq qalan işlərinin, səhifələrindən “kabab” iyi gələn əməllərinin gözünə zillənəsi mərd gözlər olmayanda əlbəttə ki, gözlər gərəksiz yerlərə zillənir.  Müəllifləri çap etməklə yox, onlarla işləməklə, çatışmazlıqlarını göstərməklə,  peşəkarlığından yeni qələm sahiblərinə bəxşiş verməyə əlqısmayan usta redaktorlarsa vəzifə borclarının ləyaqətinə görə heç vaxt belə sözlər danışmırlar. Əksinə müəlliflərin uğurlarındakı izlərinə baxıb fəxarət duyurlar.