Roberto Bordin ehtiyatlı danışdı - “Çox ciddi rəqiblə qarşılaşırıq”

roberto-bordin-ehtiyatli-danisdi
Oxunma sayı: 1563

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah baş tutacaq “Neftçi” - “Uypeşt” matçı öncəsi “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis öncə qarşıdakı oyun barədə fikirlərini bölüşüb:

“Yeni mövsümün başlamasından məmnunluğumu bildirirəm. Şadam ki, ilk oyunu azarkeşlərimiz qarşısında keçirəcəyik. Çünki ilk oyun həmişə önəmli olur. Bilirik ki, çox ciddi rəqiblə qarşılaşırıq. Onlar da bu oyuna yaxşı hazırlaşıblar. Biz də son ayı boşa verməmişik. İstərdik ki, mövsümün açılışını uğurlu keçirək. Futbolçularımız da bu qarşılaşmaya hazırdı”.

- Yoxlama görüşlərində 100 faizli nəticə göstərdiniz. Bu amil komandanıza müsbət, yoxsa mənfi təsir göstərəcək?

- Doğrudu, nəticə hər zaman vacibdi. Ancaq yoxlama oyunlarında əsas fiziki və taktiki hazırlıq, habelə oyunçuların bir-birinə alışmasıdı.

-  Ancaq yoxlama görüşlərində rəqiblər nisbətən zəif idi. Daha güclü rəqiblərlə qarşılaşmaq daha yaxşı olmazdımı?

- Yoldaşlıq oyunları bütün oyunçulara şans vermək imkanı yaradır. Biz sabahkı oyunu düşünürük.

- 4-3-3 sxeminə alışmaq üçün 4 oyun kifayət etdimi?

- Məndən əvvəlki məşqçilərin hansı sxemdən istifadə etdiklərini deyə bilmərəm. Ancaq mən 4-3-3 sistemini sevirəm. Hərçənd, mütləq deyil ki, daim bu sxemdən faydalanacam.

- Fiziki hazırlığa xüsusi diqqət yetirdiyinizi bildirdiniz. Neçə faiz artırmısınız?

- Deməzdim ki, 100 faizlik artım olub. Ancaq nəzərəçarpacaq irəliləyiş var. Komanda çempionatın startına tam hazır olacaq. Sabahkı görüşə də fiziki baxımdan hazırıq.

- Karikari toplanışa gec qoşulub və yəqin ki, onu start heyətində görməyəcəyik. Bəs, əvəzetmədən necə, sabahkı görüşdə döyüşə atılmaq ehtimalı varmı?

- Karikari xarizmatik və güclü oyunçudu. Onun potensialı sabahkı oyunda iştirak etmək imkanı verir. Ancaq hələ bir məşqimiz də var və yalnız bundan sonra kimin oynayacağına dair qərar verəcəm.