Roma-Katolik Kilsəsinin Apostol Prefekturası Azərbaycanda qeydə alındı

Roma-Katolik Kilsəsinin Apostol Prefekturası Azərbaycanda qeydə alındı
Oxunma sayı: 120

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun, Müqəddəs Taxt-tacın Azərbaycandakı apostolik nunsisi Kladio Qucerottinin və Roma-Katolik kilsəsinin ölkəmizdəki ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən təqdimatda katolik dini icmasının dövlət qeydiyyatına alınması əlamətdar hadisə kimi qiymətləndirilib. “Qafqazinfo”nun məlumatına görə, K. Qucerotti bildirib ki, Azərbaycandan sonra Müqəddəs Taxt-tac da iyulun 6-da “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Sazişi ratifikasiya edib və beləliklə, həm Vatikan, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyan tarixi hadisə gerçəkləşib.

Qeyd edilən sazişin ratifikasiyasından sonra Katolik dini qurumunun dövlət qeydiyyatına alınmasına və katoliklər üçün yaradılmış şəraitə görə, Azərbaycan hökumətinə, eləcə də Dövlət Komitəsinə minnətdarlığını bildirən K.Qucerotti Azərbaycanın tolerantlıq prinsiplərinə həmişə sadiq qaldığını qeyd edib. O deyib ki, Müqəddəs Taxt-tacın Azərbaycanla imzaladığı saziş bu qəbildən olan ilk sənəddir. Çünki Vatikan indiyədək heç bir dövlətlə belə bir saziş imzalamayıb. Bu baxımdan həmin saziş və onu imzalayan Azərbaycan hökuməti başqa ölkələr üçün örnək sayıla bilər: “Azərbaycan necə tolerant ölkə olduğunu bir daha təsdiqlədi. Artıq bütün dünya bunun şahididir. Əminəm ki, beynəlxalq aləmdə müsbət əks-səda doğuran bu sənəd böyük tarixi hadisə kimi yaddaşlarda qalacaq. İlk gündən mətbuatın reaksiyası da bunu deməyə əsas verir. Mən bütün bunlara görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə Müqəddəs Taxt-tac adından dərin təşəkkürümü bildirirəm”.

Azərbaycanın zəngin tolerantlıq ənənələrinə malik olduğunu önə çəkən Hidayət Orucov isə ölkədə bütün dinlərin mənsublarına, o cümlədən katoliklərə öz inanclarına uyğun yaşamaları üçün hər cür şərait yaradıldığını bildirib. Dövlət Komitəsinin sədri deyib ki, başqaları üçün örnək olan sazişin Azərbaycanla Vatikan arasında imzalanmasına təbii yanaşmaq lazımdır: “Lakin çalışmalıyıq ki, münasibətlər daha da inkişaf etsin. Azərbaycan tolerantlıq prinsiplərinə sonadək sadiqdir. Bunun sübutu Vatikanla imzalanmış sazişdir. Əminəm ki, Azərbaycan həmişə örnək ölkə kimi qalacaq. Çünki bu, dövlətimizin və Prezidentimizin xidməti və siyasi xəttidir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi