Roman Qriqorçuk şikayətləndi - “Hakimlikdən qətiyyən razı qalmadım”

roman-qriqorcuk-sikayetlendi
Oxunma sayı: 874

Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçından sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis hakm Əliyar Ağayevin idarəçiliyindən narazı qldığını ifadə edib.

- Komandanızın oyunundan razı qaldınız? Bu gün “Qəbələ”nnin oyunu qarşıdakı matçlar üçün ümid verir?

- Komandamdan çox razıyam. Çünki qələbə qazandıq. Bizi növbəti turda çox ciddi oyun gözləyir. “Qarabağ” çox maraqlı və səviyyəli rəqibdir. Necə olacağını görəcəyik.

- Adətən qələbədən sonra gülərüz olursunuz. Amma bu gün konfransa aqressiv başladınız. Bu, verilən sualla bağlı idi?

- Komanda qələbə qazanıb və mən özümü çox yaxşı hiss edirəm. Hər dəfə oyundan sonra fərqli emosiyalar olur. Sadəcə, ötən mövsüm elə oyunlarımız olub ki, rəqibdən çox üstün oynayıb, sonda xal itirmişik. Ötən mövsüm hakimlər bizi 15 xaldan məhrum etdi. Bu gün isə sevinirəm ki, qələbə qazandıq.

- Cavid Hüseynovun adı 23-lükdə yox idi.  Yalnız boğaz ağrısına görə?

- Cavid çox istəyirdi ki, bu gün meydanda olsun. Amma hərarəti olduğu üçün risk etmədik.

- Bir neçə epizodda Ozobiç əks-hücum zamanı əlverişli mövqedə olan komanda yoldaşlarına ötürmə vermədi. Bu, sizin diqqətinizi çəkdi?

- Təkcə Ozobiç yox, oyunda çox məqamlar oldu ki, düzgün qərar vermədik. Belə epizodlarda düzgün qərar vermək vacibdir.

- “Qarabağ” “Qəbələ” ilə oyundan öncə “Kopenhagen”lə çox vacib səfər matçına çıxacaq. Bu, komandanız üçün üstünlük yaradır?

- Əslində belə suallara təəccüblənirəm. Mən istərdim ki, biz də Avroliqada mübarizəni davam etdirək. Güclü rəqiblərlə qarşılaşmaq hər zaman yaxşıdır. Bu, futbolçularımızın inkişafına müsbət təsir göstərir. Əslində bu, “Qarabağ” üçün üstünlükdür. Çünki onlar Avropa futbolunu, sürəti görürlər. Belə olduqda heyət də geniş olmalıdır. Komandada futbolçuların çox olması üstünlükdür.

- Konfransın əvvəlində ötən mövsüm hakimlərin 15 xalınızı aldığını qeyd etdiniz. Bu gün Filip Ozobiçə qarşı dirsəklə endirilən zərbəyə Əliyar Ağayev göz yumdu. Elə PFL-in mətbuat xidmətinin rəhbəri də burda olmuşkən soruşmaq istəyirəm, sizə elə gəlmir ki, bu, ötənilki mövsümün davamı deməkdir?

- Adətən oyunlarda hakimlərlə o zaman danışırlar ki, həmin matçda penalti təyin olunur / olunmur, kiməsə qırmızı vərəqə verilir / verilmir. Bugünkü oyunda hakim idarəçiliyindən qətiyyən razı qalmadım. Bir neçə epizodda futbolçularımıza qarşı aşkar kobudluq oldu. Hakim rəqibin ən azı bir futbolçusuna qırmızı, 3 futbolçuya isə sarı vərəqə verməli idi. Belə olduğu halda bütün komandalar daha ehtiyatlı oynamağa çalışırlar. Ancaq inanaq ki, ikinci turdur, çempionatın əvvəlidir, vəziyyət düzələr.

- Qolu əvəzetmədən oyuna daxil olan Tellur Mütəllimov vurdu...

- Bu gün Tellur başla effektiv qol vurdu. Bu, yaxşıdır, sevindiricidir. Daha yaxşı olan isə ikinci hissədə onun topla irəliləyib mərkəzə meyillənməsi idi. Əsl Avropa səviyyəsində reyd.

- Avroliqada mübarizəni dayandırdıqdan sonra iki futbolçu komandadan ayrıldı. Yeni transferlər gözlənilir?

- Yox. Bu mövsüm transfer edərkən universal, bir neçə mövqedə oynamağı bacaran futbolçuları heyətə cəlb etdik. Qışa qədər hər hansı əksiklik olmasa transfer etməyəcəyik.