“Romanda ermənilərə bəzi jestlər etmişəm...” – Əkrəm Əylisli

romanda-ermenilere-bezi-jestler-etmisem-ekrem-eylisli
Oxunma sayı: 648



“Gec-tez ermənilərlə bir yerdə yaşamalıyıq...”

Azərbaycan xalq yazıçısı Əkrəm Əylislinin “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” əsəri dünən “Qafqazinfo”saytında yayımlandıqdan sonra roman ətrafında mübahisələr yaranmağa başlayıb. Ermənistan-Azərbaycan konfliktinə həsr olunan və ermənilərin azərbaycanlıların zülmünə məruz qaldığı təsvir olunan əsərlə bağlı yazıçı “Qafqazinfo”nun suallarını cavablandırıb .


- Əkrəm bəy “Drujba narodov” jurnalında dərc olunmuş “Kamennyie snı” romanınız dünən mətbuatda yayımlandıqdan sonra kəskin tənqid olundu.
- Dünən verdiyiniz ilkin məlumata yüngülvari münasibət bildirmək istəyirəm. Romanda azərbaycanlılar aşağılanır, ermənilər isə müdrik xalq kimi təqdim olunur”. Bu artıq informasiya deyil, əsərə qarşı ideoloji ittihamdır. Məncə bədii əsərə qarşı belə bir ittiham irəli sürmək doğru deyil. Bədii əsərdə milli kriminal axtarmağın kimə və nə faydası ola bilər? Bədii əsəri bədii əsər kimi oxumaq lazımdır. Onun öz rəngi, özünəməxsus məna tutumu var. Ona əlavə rəng qatmağın mənası yoxdur. Bunu da nəzərə almaq lazımdır ki, “Daş yuxular” patriotik əsər deyil. Millətləri barışdırmağa, xalqları sülh şəraitində yaşamağa səsləyən bədii əsərdir. Belə bir niyyətlə yazılan əsərdə düşmənçilik notlarının da səsləndirilməsi təbii ki, məqsədəuyğun olmazdı. Əgər biz Qarabağı Azərbaycan torpağı, orada yaşayan erməniləri Azərbaycan vətəndaşı sayırıqsa, onlarda özümüzə rəğbət oyatmağı da bacarmalıyıq. Müharibə olsa da, olmasa da biz gec-tez bu bölgədə bir yerdə yaşamalıyıq. Və bu proses nə qədər tez başa çatsa bizim üçün bir o qədər sərfəlidir.

- Əsərdə erməniləri azərbaycanlıların zülmünə məruz qalan xalq kimi təqdim etmisiniz. Belə bir əsər yazmaq zərurəti haradan yarandı?
- İndi mən o yaşda deyiləm ki, kimdənsə yazmaq dərsi öyrənəm. Mən həmişə öz düşündüyümü yazmışam və bu mənada “Daş yuxular” da istisna deyil. Yazıçının zəif əsəri də, güclü əsəri də ola bilər. Lakin məni heç kim inandıra bilməz ki, hər hansı bir normal adam öz xalqının əleyhinə nəsə yaza bilər. “Daş yuxular” nə tarixi oçerkdir, nə məqalə, nə də müsahibədir. Onun oxucu tərəfindən birmənalı qarşılanmayacağı da mənə əvvəlcədən məlum idi. Hər yerindən duranın yazıçıya dərs verməsi bizdə bir növ tarixi ənənəyə çevrilib. Mirzə Fətəliyə, Mirzə Cəlilə kim dərs verməyib? Hansı ciddi Azərbaycan yazıçısı öz dövründə dönə-dönə lənətlənməyib? Öz yazıçısına inanmayan millətin böyük ədəbiyyat yaradacağına ümid bəsləmək əbəsdir. Əgər yazıçı öz oxucusunun səviyyəsində olacaqsa, dünyanı onun kimi duyub, onun kimi dərk edəcəksə onda yazıçının oxucudan nə fərqi var? Bəlkə mən elə bir şey bilirəm ki, onu bilmək oxucunun işi deyil. Axı bu dünyada adi həqiqətlərlə yanaşı ali həqiqətlər də var. Bu ali həqiqətləri deməyi isə tanrı öz seçdiyi insanların boynuna qoyub. Elə buna görə yazıçının hər sözünə, ayıb olmasın qamış qoymaq yalnız nadanlıq, gerilik əlamətidir. Dünyanın sivil ölkələrində sənət adamlarını patriot olmamaqda suçlamaq bəlkə də yüz illərdir ki, heç kimin ağlına gəlmir. Yazıçını belə şeylərdə günahkar saymaq absurd hesab olunur. Bəs bu absurd düşüncədən nə vaxt əl çəkəcəyik? Bədii əsərin qiymətini biz vermirik, zaman verir. Gəlin zamanın işinə qarışmayaq. Bir də unutmayaq ki, bizim özümüzün-özümüzə hər fənn üzrə beş verməyimiz hələ hərşeyi həll etmir.Bizə kənardan da qiymət verənlər var.

- Əkrəm bəy, bu roman vasitəsilə Ermənilərdə bizə qarşı rəğbət oyatmaq istədiyinizi deyirsiniz. Bəs qorxmursunuz ki, onlar bundan bizim əleyhimizə istifadə edə bilərlər?
- Ermənilər bizdən vəhşi, çoban xalq obrazı yaradıblar. Əsəri ürəklə oxuyan insan belə bir şey axtarmamalıdır. Düzdür, mən romanda onlara bəzi jestlər, güzəştlər etmişəm. Sizə bir şey danışım. Sovet dövründə, mənim əsərlərimin Moskvada çap olunduğu vaxtlarda bir polyaka mənim 1-2 əsərimi verirlər. Əsərlərlə tanış olduqdan sonra o deyir ki, bu əsərlərə görə Azərbaycan xalqını sevmək olar. Ermənilərin əksinə paxıllığı tuta bilər ki, onların belə sülh çağırışları edən, səviyyəli yazıçıları yoxdur.

- Əsərin əsas qəhrəmanı Saday Sadıxlı da Əylis kəndindəndir. Romanda o “azərbaycanlıların zülmünə məruz qalmış erməniləri müdafiə edən” obraz kimi yadda qalır. Əsəri oxuduqca məndə elə bir təsəvvür yarandı ki, o, elə Əkrəm Əylislinin özüdür.
- Onu demək mənim üçün çətindir. Yazıçı Çingiz Hüseynov deyirdi ki, inanmaq olmur ki, dünyada Saday Sadıxlı kimi insan ola bilər. Lakin mənə elə gəlir ki, sanki onu uydurmamışam.

Səidə