“Roma”nın möcüzəsinə 1 qol çatmadı - Yenilənib

romanin-mocuzesine-1-qol-catmadi
Oxunma sayı: 5732

Bu gün Çempionlar Liqasında ikinci finalçının adı məlum olub.

"Qafqazinfo" xəbər verir ki, yarımfinalın növbəti cavab oyununda “Roma” “Liverpul”u qəbul edib.

İngiltərədə baş tutan ilk oyunda "Liverpul" 5:2 qalib gəlməklə böyük üstünlük əldə edib. "Roma" cavab matçında 4:2 qalib gəlsə də, finala adlaya bilməyib.

Qeyd edək ki, finalda “Real”la "Liverpul" üz-üzə gələcək.

***

Matçın start fiti ilə "Roma" irəli atılıb və rəqib qapısı qarşısında təzyiqlər yaradıb. Lakin, bu hücumlar nəticə verməyib. 10-cu dəqiqədə "Roma" müdafiəsini əks hücumda yaxalayan "Liverpul" hesabı açmağa müvəffəq olub. Sadio Mane fərqlənib.

***

15-ci dəqiqədə hesab bərabərləşib. "Liverpul"un müdafiəçisi Lovren "Roma"nın hücumunu dayandırmaq üçün topu uzaqlaşdırmaq istəyib. Lakin, top "Liverpul"un digər oyunçusu Ceyms Milnerin başına dəyərək qapıya daxil olub.

***

26-cı dəqiqədə "Liverpul" yenidən hesabda önə çıxıb. Künc zərbəsindən sonra qapı qarşısında yaranan qarışıqlıqdan istifadə edən Vaynaldum topu başla qapıya göndərib.

***

İlk hissədə başqa qol vurulmayıb və "Liverpul" fasiləyə 2:1 üstünlüklə yollanıb.

***

İkinci hissəyə də sürətli hücumlarla başlayan "Roma" bu dəfə istəyinə nail olub. 52-ci dəqiqədə Dzeko yenidən hesabı bərabərləşdirib - 2:2.

***

86-cı dəqiqədə "Roma" oyun ərzində ilk dəfə hesabda önə çıxıb. Nainqolan uzaqdan zərbə ilə baxımlı qola imza atıb.

***

Matçın son saniyələrində "Roma" daha bir qol vurub. Nainqolan penalti zərbəsini qola çevirib və hesabı 4:2 edib. Matç da bu hesabla bitib. "Roma"nın matçı əlavə vaxta daşıması üçün əlavə 1 qola ehtiyacı olsa da, bunu vura bilməyib. Beləliklə, finalda "Real"ın rəqibi "Liverpul" olacaq.