Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbində - Foto

rovneq-abdullayev-baki-ali-neft-mektebinde
Oxunma sayı: 2704

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması münasibəti ilə “Bilik günü”nə həsr olunmuş təntənəli tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq, 2019/2020-ci tədris ilində yüksək balla BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor E.Qasımov bildirib ki, Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Rektor qeyd edib ki, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. O, bu il Ali Məktəb üzrə 11 nəfərin 680-dən çox bal topladığını, yarandığı ildən indiyədək isə BANM-in 26 tələbəsinin 700 bal toplayaraq ölkə üzrə rekorda imza atdığını vurğulayıb.

Rektor həmçinin qeyd edib ki, bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.

Sonra 2019/2020-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrin hər birinə tələbə vəsiqələri təqdim olunub