Rövnəq Abdullayev danışdı

rovneq-abdullayev-danisdi
Oxunma sayı: 652

ARDNŞ-nin Gürcüstanda neft məhsullarının satışını həyata keçirən “SOCAR Georgia Petroleum” və “SOCAR Georgia Gas” kimi törəmə müəssisələri bu ölkədə neft məhsulları bazarının 50 faizini əhatə edir. “Qafqazinfo”nun məlumatına görə, bunu ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev www.yap.org saytına müsahibəsində deyib. O bildirib ki, burada “SOCAR” brendi ilə 70-dən artıq yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Tezliklə həmin stansiyaların sayını isə 100-ədək artırmaq planlaşdırılır: “Bu gün Gürcüstanın 30 regional qaz distribusiya şirkəti “SOCAR Georgia Gas” tərəfindən idarə olunur. Bu müəssisənin həyata keçirdiyi 3 illik investisiya proqramı çərçivəsində 150 mindən artıq abonentin qazlaşdırılması nəzərdə tutulur. Artıq Gürcüstanın onlarla yaşayış məntəqəsində, o cümlədən azərbaycanlıların kompakt yaşadığı bir neçə kənddə qaz kəmərləri tikintisi başa çatdırılmış, iri yaşayış massivlərində qaz təchizatının bərpa edilməsinə nail olunub”.

R. Abdullayev həmçinin qeyd edib ki, ötən il ARDNŞ Ukrayna və Rumıniyanın pərakəndə yanacaq satışı bazarlarına inamla daxil olub. Şirkət eyni zamanda “SARMATİA” Birgə Müəssisəsi çərçivəsində AvroAsiya Neft Nəqliyyatı Dəhlizi layihəsi üzrə görülən tədbirlərdə fəal iştirak edir. Artıq Azərbaycan neftinin Ukrayna və qonşu ölkələrin bazarlarına çatdırılması sahəsində konkret nəticələr əldə olunub.

Nigar Məmmədli