Rövşanənin nə iş gördüyü cümlə-cahana məlum deyil...

rovsanenin-ne-is-gorduyu-cumle-cahana-melum-deyil
Oxunma sayı: 8760

Nərmin Dadaşova

Ölkədə təzə televiziya kanalları açıldıqca ümidləndik. Ümidləndik ki, hər şey daha yaxşı olacaq, bir ətək pul verib aldığımız böyük ekran televizorlarımız evimizdə suvenir olmaqdan çıxıb öz funksiyasını yerinə yetirəcək. Uşaqlarımız dillərini türkcə, rusca, ingiliscə  yox, doğma dilimizdə açacaqlar. Öz dilimizdə intellektual proqramlar, əyləncələr, cizgi filmləri təqdim olunacaq onlara. Amma ki, çi fayda! 

Dünən nahar  fasiləsində asta-asta üzü günəşə sarı gedirdim. Məndən iki addım qabaqda gedən  təxminən 11-12 yaşlı məktəbli əlindəki metro kartını silah kimi tutub mənə sarı çönüb iki-üç əl “atəş” açdı. “Niyə a bala?”- dedim. “Çukur evimiz, İdris babamız” deyib yoluna davam elədi. “Şükür”, dedim öz-özümə. “Heyvanına Şükür, İlahi”...

Mən  uşağın “Çukur”a  baxdığı üçün valideynlərini  qınamadım, arxadaş. Neyləsin? Nəyə, kimə baxsın? Asudə vaxtını necə keçirsin? Əyləncə od bahasına, ana-ata  yorğun, alt mərtəbədəki qonşu  nevroz, uşaq da ki, uşaq!  Sizə bir söz deyim, uşağın bu tip seriallara baxması, bizim Zaura, Xoşqədəmə, Rövşanəyə baxmasından daha təhlükəsizdir.

Artıq 1992-ci ildən bu yana doğulanlar cütləşib uşaq dünyaya gətirirlər. O uşaqlar ki, gəldikləri yerdə  mənəvi böhran yaşanmaqda, kitabsızlıq, savadsızlıq və bazar ab-havası hökm sürməkdədir. Cəmiyyətə Zaur ağıl verir, Xoşqədəm maarifləndirir, incəsənət də ki, Əli Mirəliyevin kurasiyasındadır. Rövşanə xanımın nə iş gördüyü isə ümumiyyətlə cümlə-cahana məlum deyil. Efirə cindar çağırır, dindar çağırır, qorxuluq çıxardır, çildağ etdirir, qışqırır-bağırır... Bu nə rəzalətdir? Bu nə ucuz şoudur?

 Əsl istedadlar, kimlərəsə örnək ola biləcək şəxslər, ədəbiyyatçılar, kitabçılar, bəstəkarlar, musiqiçilər mənim uşağıma, sənin uşağına örnək ola biləcək adamlar isə qalıb, şair demiş, yağışın o biri üzündə - feysbuk profillərində, tvitter statuslarında, onlayn televiziyalarda... Hamının əli yetə bilməyəcək, ünü çata bilməyəcək məkanlarda. Onlar bu gün ona görə efirdə deyillər ki, “şou” əhli deyillər. Etdiklərini incəsənət və insanlıq naminə edirlər, öz mahiyyətlərində cindarlara, Maral Tahirqızına, səsə-küyə yer yoxdu. Məni hər şeydən çox televiziya rəsmilərinin, aparıcıların verdiyi açıqlamalar incidir. “Deyirlər, kütlə bunu tələb edir” Ay keyfiyyətsizlər, bəyəm siz, kütləyə əksini göstərdinizmi? Alternativiniz varmı?  Əlinizdə bunca şans, bunca imkan var ikən, yüzlərlə, minlərlə beyinə təsir etmək gücünə sahib olmuşkən niyə öz istedadsızlığınız, kommersiya maraqlarınız ucbatından  kütləni şərləyirsiz?

Hansı kütləyə xoşdur, efirdə kapilyarları partlayana qədər qışqıran falçı? Söyüş söyən müğənni? Boş-boş danışan aparıcı? Əli Mirəliyev?