Rövşən Lənkəranski haqda roman yazıldı - Kitabdan bir parça

Rövşən Lənkəranski haqda roman yazıldı
Oxunma sayı: 180

Tanınmış jurnalist İlqar Rəsul Azərbaycanın kriminal aləmində məşhur olan və ötən ilin avqustunda Türkiyədə öldürülən Rövşən Lənkəranskiyə detektiv roman yazıb. 

Bu barədə “Qafqazinfo”ya açıqlama verən İ.Rəsul bildirib ki, roman redaktə prosesindədir. Jurnalist qeyd edib ki, əslində belə bir roman yazmaq fikri olmayıb:

Sadəcə Rövşən Lənkəranski olaylarında və sui-qəsddən sonrakı günlərdə baş verən bir neçə detal diqqətimi çəkdi. Sonra həmin detallar özbaşına böyüyüb sujetə çevrilirdilər sanki. Mətn sanki hər gün bir az daha inadla tutub yaxamdan - yaz məni - deyirdi. Barmaqlarım dayanmadan yazıb, özüm də bir oxucu olmuşam həmin ərəfədə - qoy görüm bunun axırı hara gedir - deyə. Belə yazılıb bu əsər. 

İ.Rəsul bildirib ki, bu işdə onun heç bir maddi, yaxud populist  marağı yoxdur. 

Jurnalist “Lennski planı” adlı romandan ekskluziv parçanı “Qafqazinfo”ya təqdim edib:

“RL beş il əvvəl Kiyevdə təsadüfən tanış olmuşdu M ilə. Restoranda şam edərkən iki sərxoşun ofisiant xanımı incitdiyini görmüşdü. Adamlar qıza pul təklif edirdilər gecəni onlarla keçirtməsi üçün. Qız inadla onlara anlatmaq istəyirdi ki, fahişə deyil, heç kimlə görüşmür, restoranda da pula ehtiyacı olduğu üçün işləyir. Sərxoşlardan biri hövsələdən çıxıb qızı zorla qucaqlamaq istəyəndə M onu vurub yerə yıxmışdı. İkinci adam üstünə gələndə cəld hərəkətlə onu da vurmuşdu, səsə öz kabinetindən restoranın müdiri çıxmışdı. Qızın vurduğu adamlar onun dostları idi. Vəziyyətdən xəbər tutanda söyərək M-nın üstünə yeriyib onu vurmaq istəmişdi. Bu vaxt yan tərəfdən bədəninə soyuq nəsə dirəndiyini hiss edib çevriləndə RL-nı görmüşdü. Restoranın sahibi onun kim olduğunu yaxşı bilirdi. Bir dəfə bu restoranda iki bakılıdan gəlmə olduqları üçün yedikləri yeməyə görə həddən artıq çox pul tələb etmişdilər. Onlar pulu verməkdən imtina edəndə söhbətə restoranın mühafizəçiləri qarışmışdı. Deyilən pulu verməsələr qol-qıçlarını sındıracaqları ilə hədələmişdilər bakılıları. Onlar da yedikləri yeməyin gerçək hesabını ödəyib buradan sağ-salamat getməyəcəkləri təqdirdə əhvalatı RL-ya danışacaqlarını bildirmişdilər. Restoran sahibi RL-nın adını eşidəndə bakılılardan yeməyin pulunu da almayıb onları buraxmışdı. Həmin restoran sahibi idi ofisiant qızı söyərək vurmaq istəyən. Amma hadisə çox uğursuz bir vaxtda baş vermişdi. Ehtiyatla aşağı - soyuq şey dirənən böyrünə baxmışdı. Tapançanın tətiyinin yarısıxılı halda olduğunu görəndə onu tər basmışdı. Əllərini qaldırıb kəkələyərək - "bitdi, anladım, unudaq bu hadisəni, uşaqlar bir az artıq içiblər, hamımızda olur" - deyib, RL-dən mərhəmət ummuşdu. Tapançanın bədənindən geri çəkildiyini görən kimi başı ilə sərxoşlara restorandan çıxmağı işarə etmişdi. RL-yə başqa masada oturmasını, onun üçün yenidən süfrə açılmasını təklif etmişdi. RL onu eşitmirmiş kimi ofisiant qıza - maşında gözləyirəm, yığış gəl - deyib, restorandan çıxmışdı. Az sonra M bir əlində çantası, o biri qolunun üstündə paltarları, ofisiant geyimində restorandan çıxıb tələsik maşına yaxınlaşmışdı, azca əyilib pəncərədən içəri baxaraq, əli ilə oturmasına işarə edən RL-yə demişdi ki, mən gəzəyən qız deyiləm, doğru sözümdü, orada da ehtiyacdan işləyirdim. RL gülüb maşından düşmüşdü, hərlənib qıza tərəf gəlmiş, təbəssümlə dillənmişdi: 

- Nə "gəzəyən qız deyiləm" söyləyib durmusan, sənə gəzəyən olduğunu deyən var?! 

Zəng edib adamlarına maşını restoranın qabağından götürmələrini tapşırandan sonra M ilə Xreşşatikdəki kiçik kafelərin birində oturub qəhvə içmişdilər. 

- Bəs indi harda işləyəcəksən ? - RL soruşmuşdu. 

- Hər halda məni işdən çıxartdırdınızsa, demək ki, alternativ variantınız olmamış deyil - M təbəssümlə, bir az da sual dolu baxışlarla cavab vermişdi. 

Həmin günün səhəri RL M-nı Kiyevdə .... vəzifəsinə işə götürtdürmüşdü. Telefon nömrəsini də ona verib " nəsə bir problemin olsa, zəng edə bilərsən" - deyib çıxıb getmişdi. Tanımadığı bu adamın qəfil peyda olub, heç nə ummadan kömək etməsi, sonra da telefon nömrəsi, ünvan soruşmadan çıxıb getməsi M-nı xeyli mütəəssir etmişdi...

Fotoda: İlqar Rəsul

***

R L eyvana çıxıb C-nın yanındakı stulda əyləşdi. Nələrsə düşünürmüş kimi bir xeyli dənizə baxdı. Sərin meh əsirdi. Boğazda gəmilər, qayıqlar öz gündəlik həyatlarını yaşayırdılar. Turistlər kiçik gəmilərdə dəniz gəzintisinə çıxır, yerlilər marşrut qayıqlarda o sahildən - bu sahilə, bundan ona keçərək hərə öz işinin, dərdinin dalınca gedir, qağayılar azad-azad uçuşurdular. 

- Fikrinizi dəyişmisinizsə, çəkinməyin, deyin - RL gözlərini dənizdən ayırmadan dilləndi. 

- Yox, hər şey danışdığımız kimi olacaq - C da çevrilmədən cavab verdi. 

Susdular. C yenə siqaret yandırmaq istədi, RL ehmallıca əlini qutunun üstünə qoyub götürməsinə mane oldu. Yenə dənizə baxmağa başladılar. Hərəni öz düşüncələri götürüb harasa apardı sanki. 

RL sahil boyu haradansa təhlükə gözləmədən, sərbəst gəzişən gəncləri seyr edib yenə öz yeniyetməliyini xatırladı. Heç bir qorumasız, nədənsə ehtiyatlanmadan gəzib - dolaşdığı illər yenə də onda nostalji hisslər yaratmağa başladı. Həmişə olduğu kimi yenə də həyatının ikinci iyirmi ilinin gerçəkliyi bu nostalji hissləri tam yaşamağa imkan vermirdi ona. Hər dəfə belə olurdu, gəncliyini xatırlayıb keçmiş azadlığını, qayğısızlığını kənardan gözüdolusu müşahidə etmək istəyirkən, sonradan olanlar gəlib araya sədd çəkirdi... 

- Nə düşünürsünüz? - RL fikirdən ayılıb soruşdu. 

- Qağayıları düşünürəm - C köks ötürüb dilləndi - heç bir dərdləri yoxdur. Yəni nə yaşamaq, nə də ölmək dərdləri var. Heç ağır xəstələnəndə də sonu necə olacağını anlamırlar. Dərdləri bircə uçmaqdı, onu da ki, uçurlar ölənə qədər. Adam qağayı olmaq istəyir...  
  
- Uzaq məsafələrə üzmək də pis deyil. Oturasan gəmiyə, üzəsən, üzəsən, sonda da gedəsən okeandakı kiçik adaların birinə, qalasan orda, qayıtmayasan.  

- Nə mane olur ki?

- Heç nə, başladığın, yaxud gördüyün işlər, ya da o işlərin nəticələri. Məncə insana öz əməlləri qədər heç nə mane olmur bu həyatda... 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi