Röya villanın alınmasından danışdı - “…Az baltalayın”

roya-villanin-alinmasindan-danisdi
Oxunma sayı: 1957

Əməkdar artist Röya Ayxan eks-qayınatası, “Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun həbsi və ailənin ona verdiyi villanın müsadirə olunmasına münasibət bildirib.

Müğənni “Qafqazinfo”ya açıqlamasında sözügedən mülkün əlindən alınmasına aydınlıq gətirib.

O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb:

“Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”. 

Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb:

“Xahiş edirəm, biri yıxılanda onu az baltalayın.  Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözüdoymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram”.

***

Əməkdar artist Röya Ayxan mövzu ilə bağlı primetime.az-a geniş müsahibə verib. “Qafqazinfo” müsahibədən bir hissəni təqdim edir:

- Bu dəfə keçmiş qayınatanızın həbsi ilə gündəmdəsiniz. Baş verən hadisələr həm də sizin adınızla bağlanır. Buna münasibətiniz nəcədir?

- Bu hadisənin yaşanmasına çox təəssüflənirəm. Boşansaq da, belə bir hadisənin olacağını ailə üzvlərindən eşitmişdim. Onların gəlini olanda bunlardan xəbərdar idim. O zaman bu hadisələrin təməli qoyulurdu.

- Deməli, çoxdan nəsə baş verirdi...

- Çingiz Cəlilov öz xalqı üçün çalışan şəxslərdən biridir. Çox uğurlu biznesmendir. Ailəli olduğum müddətdə bilirdim ki, kimsə o kişini aldatmışdı. Yalan-dolan işlər çevirmişdi. Halbuki, onun heç bir günahı yox idi. 100% əminəm ki, bu, indi də belədir. Yaxşı ki, bu sualı mənə verən oldu. Çünki heç yerdə açıqlama verməmişəm. Əlbəttə ki, o ailə qədər stress və əziyyət çəkirəm. Ona görə ki, o gözəl qandan, savadlı və tərbiyəli insanlardan mənim övladım dünyaya gəlib.

Bu gün yayılan xəbər məni daha çox silkələdi. Ancaq bir tərəfdən sevinirəm ki, oğlum atası ilə yaşamır. Vaxtının çox hissəsini onlarla keçirir, isti münasibətləri var və onlara bağlıdır. Ayrıldığım gündən onları bir-birindən ayırmamışam. Bu gün oğlumun bu şeylərdən xəbəri yoxdur. Oğlumun dostları və onların valideynləri ilə danışdım ki, Hüseyn ayıq uşaqdır, onun yanında heç nə danışmasınlar. Çünki onu başqa cür böyüdürəm. Onun yanında heç kimi müzakirə etmirəm ki, sağlam uşaq olsun. Eyni zamanda, bu hal onun bütün nəvələri üçün keçərlidir.

- Deyilənlərə görə, Hüseyn babasına çox bağlıdır. Bu hadisə oğlunuza necə təsir edəcək?

- Kişinin başına nə iş gələcək, onu Allah bilər. Ancaq oğlum onun üçün heç vaxt darıxmayacaq. Lazım olsa, hər gün onun görüşünə aparacam. Ona görə də indi bunları düşünmürəm. Çünki qayınatamı oraya izahat üçün çağırıb, Kürdəxanıya yollayıblar. Ancaq o xəstədir. Şəkəri var. Bir şey olsa nə olacaq?

Çingiz müəllimin başına bir şey gələndən sonra onu aldadıb kağıza qol çəkdirən adamı tapacaqlar? Əminəm ki, ağıllı oğlanlarımız çoxdur. Buna dövlət başçımız və xanımı göz yummaz. Çünki ən azından onlar da babadır, nənədir. Qayınanam nə haldadır, onu yalnız biz görürük. İstərdim ki, Azərbaycanın biznesmenlərinə dəstək olsunlar. Onun səhvi sadəcə qol çəkməyi olub.