“Royal Bank”da batan pullar...

royal-bankda-batan-pullar
Oxunma sayı: 732

Fonddan ANN.Az-a verilən məlumata görə, Fondun Himayəçilik Şurasının bu il iyulun 18-i tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş «Royal Bank» ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq «Muğanbank» ASC, «Bank Respublika» ASC və «AGBank» ASC seçilib.

Bu il avqustun 1-dən etibarən ƏSF seçilmiş agent bankalar vasitəsi ilə sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişinə başlayacaq. Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edəcək filialları, onların ünvanları və əlaqə telefonları barədə əlavə məlumat veriləcək. Sığorta hadisəsinə görə, Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə bu il iyulun 13-də “Royal Bank” ASC-nin lisenziyası ləğv edilib. Lisenziyanın ləğv edilməsi bankın bir sıra tələblərə cavab verməməsi, o cümlədən məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirməməsi, eləcə də AMB-nin verdiyi yazılı göstərişlərini yerinə yetirməməsi ilə bağlıdır. Adı çəkilən qərarla iyulun 13-dən «Royal Bank» ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Hüseyn Cavid pr-ti,5).

“Royal Bank” barəsində iflas proseduralarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcək. “Banklar haqqında” qanunun 62.3-cü maddəsinə əsasən, iflas proseduralarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq.

Qeyd edək ki, təsisçisi ABŞ vətəndaşı olan “Royal Bank” ASC 1993-cü ildə Azərbaycanda “OZ Bank” kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərib.
ANN.Az