Ruhi-əsəb... cəmiyyəti

ruhi-eseb-cemiyyeti-
Oxunma sayı: 662

Sual etdim ki, sənin üçün xəyanətin hüdudları hara qədərdi... Məlum oldu ki, bu adam üçün kiminləsə adi telefon danışığı, hansısa kişiyə baxmaq və s. təsadüfi hadisələr də xəyanətdi... Bu adamın psixikasının pozulması haqda düşünməyə macal tapmamış Sevincin qətlinin sarsıntısını yaşadım...
Hər səhər portallara baxıram, mütləq bir vəhşilik, qətl hadisəsinin törədilməsinə rast gəlməliyəm. Son günlər baş alıb gedən bu vəhşiliklərin, intihar hadisələrinin, qəddarlıqların daha çox şahidi oluruq. Amma düşünmürük, bu hadisələr niyə törədilir? Heç düşünmürük, bizim cəmiyyətin psixikası niyə getdikcə bu hala düşür-pozulur? Pulsuzluq, maddi ehtiyac, mənəvi aşınma insanları insan cildindən çıxarmaqda... Təbəqənin pullu kəsimi isə əcnəbi müğənnilərə pul xərcləyib həyatdan zövq almaqda... O musiqilər ruhi sarsıntı keçirən cəmiyyətimizdə arealı genişlənən ah-nalə səslərini batırmaqda... Neyləmək lazımdı? Cəmiyyətin kitab oxumaq vərdişi yaranmadı. Bayağı musiqilər, narkotika aludəçiliyi xalqın təfəkkürünü yeyib-bitirməkdə.

Cənub bölgəsində qadın hüquqları tapdanmaqda, əyalətlərdə intiharlar, mal-qara oğurluqları çoxalmaqda... Gəlin, başımızı bir az individual həyat tərzimizdən ayazıdaq. Nə olar, gəlin bir az da hamımız üçün düşünək!!! Gənc bir qızı, anasını atası baltalayır; ər arvadını bıçaqlayır; oğlan mazoxistcəsinə sevgilisinin saçlarını kəsib qüruru ilə oynayır. Bezmədinizmi bu xəbərlərdən? Usanmadınızmı bu vəhşiliklərdən? Müəllimlərimiz məktəblərdə maarifləndirmə işlərini daha da möhkəmləndirsə, nolar ki?! Qəzet, kitab oxumağın təbliğatına daha geniş yer verə bilmərikmi? Olmazmı ki, məktəblərdə portalları oxumağa cəlbetmə işi tətbiq olunsun? Valideynlərlə bu barədə fikir mübadilələri aparılsın? Kriminal xəbərləri səbrsizliklə gözləyənlərə bir az da rəhmli olmağın yollarını öyrədək bəlkə? İnsanlar qana mazoxistcəsinə baxır. Bəd xəbərlər ildırım sürətilə yayılır. Ölkə get-gedə ruhi-əsəb dispanserinə dönür. Hər necəsə bu milləti silkələmək lazımdı. Bizi nə torpaqlarımız uğrunda savaş, nə də öz əcəlimiz aparmayacaq. Hansısa cahilin, psixikası pozulmuş, təfəkkürü korşalmış birinin paslı bıçağı, küt baltası ilə qətlə yetirilməyə son vermək haqda nə vaxt düşünəcəyik bəs?

Beş-on ziyalının prezidentə məktub ünvanlaması ilə iş bitməyəcək. Mən həmkarlarımdan xahiş edirəm, Gəlin, bu haqda ardıcıl yazılar yazaq. Televiziyalar bu barədə cəmiyyətə sürəkli mesaj ötürsün-şou proqramlara bir az fasilə vermək zamanıdır. İnsanları affekt vəziyyətinə düşməkdən, nevrozdan xilas edəcək psixoloqların, psixiatrların pulsuz yardımına ehtiyac var...

Kimin nəyə gücü çatırsa, cəmiyyətin bəzi kəsiminin psixikasının reabilitasiyasına kömək etsin. Yazarlar, müəllimlər, həkimlər, Sevincin qətlindən, çoxalan kriminal xəbərlərdən narahatçılığımızı ifadə etməyi bacaraq!!! Biz uçuruma gedirik!!!