Ruhu qocalmış gənclər

ruhu-qocalmis-gencler
Oxunma sayı: 2630

Xuraman Hüseynzadə

Ölkədə Gənclər Günü qeyd olunurdu. Silsilə tədbirlər keçirilirdi. Tədbirlərdə əsasən gənclərə qayğıdan danışırdılar.

Anamla mən bazardaydıq. Mer-meyvə almışdıq. Yükümüzün ağır olduğunu görən araba çəkən gənclər bizə yaxınlaşdı. Elə sellofan torbaları arabalardan birinə yığmaq istəyirdik ki, bir oğlan astadan anama dedi: “Bibi, mən aparım də yükünüzü. Arabam yoxdu, əlimlə daşıyacam. Gücüm çatacaq, narahat olmayın. Bir çörək pulu verərsiz.”

Köhnə gödəkcəsi əyninə böyük idi oğlanın. Yəqin kimsə vermişdi. Yırtıq ayaqqabılarından çıxan barmaqları utandığından gizlənməyə yer axtarırdı. Üzü tüklü, saçları kirli... Tərəddüdsüz razılaşdıq. Özümüz də kömək elədik oğlana. Tək apara bilməyəcəkdi. Dayanacağa kimi gəldi. Bir manat verdik. Torbalardakı meyvələr görünürdü. Anam iki alma verdi oğlana. Heç almaq istəmirdi. Getdi...

Dayanacaqda taksiyə əyləşdik. Sürücü təxminən 25-26 yaşlı cavan oğlan idi. Düşəndə torbaya işarə edib dedi: “Xanım, olar almadan birini götürüm, balaca oğlum var, ona aparacam. Valla, nə gizlədim, ala bilmirəm.” Bir alma, bir portağal da ona verdi anam.

Darvazanı açıb içəri girəndə qonşuda kirayədə qalan rus Vitya çıxdı böyürdən. Bizim dildə gözəl danışır Vitya. 27 yaşı var. Qoca atası ilə yaşayır. Ata-bala ikisi də bağ evlərində fəhləlik edirlər. Kirayədə qaldıqları evin sahibi kirayə haqqını vermədikləri üçün Vityagilin əşyalarını çölə töküb dəfələrlə. Anam gedib xahiş edib ki, yazıqdılar, Allaha ağır gedər, belə eləməsin. Torbaları həyətə daşıdı Vitya. Anam torbadan iri bir alma çıxarıb uzatdı ona.

Axşamtərəfi evimizin yanındak marketə getdim. Vitya da ordaydı. Çörək alırdı. Satıcı çörəyi sellofan torbaya qoydu. Vitya da cibindəki iri almanı çıxarıb qoydu torbaya. Marketdən çıxanda üzünə təəccüblə baxdığımı görüb gülümsədi: “Sənin anan verən almadı. Bayaqdan evə getməmişəm. Cibimə qoymuşdum. Atama aparacam.”

Həmin gün Gənclər Günü idi. Feysbukda təxminən bu səpkili statuslar yazırdılar: “Gənclər Gününüz mübarək. Ruhu gənc olanları da təbrik edirəm.”

Mənə elə gəldi ki, bazarda yükümüzü daşıyan oğlanın da, taksi sürücüsünün də, Vityanın da nəinki özü, hətta ruhu da qocalmışdı...