“Rus, erməni öldürüb” cümləsindən qorxanlar

rus-ermeni-oldurub-cumlesinden-qorxanlar
Oxunma sayı: 2092

Raminə Eyvazqızı

20 yanvar faciəsinin ildönümündə Şəhidlər Xiyabanında idim. Kifayət qədər  turist vardı. Onların üzündəki təəccüb, maraq o qədər çox idi ki, ətrafda adam axtarırdılar ki, biri onların marağına son qoysun. Məzar daşlarını bildikləri kimi oxuyurdular.Yaxınlaşıb qısa məlumat verəndə, onlar da illərdir başımda gəzdirdiyim sualı verdilər mənə. Rus imperiyası əsgərləri, dinc camaatı qətl eləmişdisə, niyə bu faciə barədə bir kəlmə də olsun Xiyaban ətrafında məlumat yoxdur.

Doğrularıma onları necə inandırmalıydım? Niyə yoxdur? İllərdir, dağüstü parka çıxıb şəhərin  panoramasına heyran olanlar, Bakını qanına bələyənlər barədə nə isə bilmək istəyirlər axı. Bilmək istədikləri qondarma, yalan deyil ki. İllərdir, ilin bircə günü ağlaşdığımız, səhəri yenə gülüşümüzə davam etdiyimiz Qara Yanvar günüdür. Özümüzün dediyi, özümüzün eşitdiyi yanvarın qanlı söhbətləri. “Rus əsgərləri öldürüb” sözünü yazmaq üçün cəsarət gərəkdir!“İmperiya səsimizi kəsmək üçün canlar alıb” kəlmələrini lövhəyə həkk etmək üçün kimlərinsə təzədən azərbaycancada öyrənməyi, ana dilində danışmağı gərəkdir. Və bu heç vaxt olmayacaq! Deməli, həmin məlumat lövhəsi də ehtimalda qalacaq. Xiyabandakı Qarabağ uğrunda həlak olanların qəbirləri necə? Axı öz ayağı ilə ölkəmizə gələn əcnəbiyə bir lövhədə bunu anlatmaq çətindirmi? Barı erməni vandalları tərəfindən öldürülənlərdən söhbət açaq.

Dünən xəbər çıxdı ki, Qubadakı kütləvi məzarlıq “yox edilib”. Erməninin arzuları çin olub. Budur, o nəhənglikdə tarixi dəlil- sübutları öz əlimizlə basdırdıq. Quba Soyqırım Məzarlığını məclis edib bağlamaq qərarına gəldilər. Və biz bunun xəbərini elə adi xəbər kimi eşitdik. Ürəkbulandıran gündəm xəbərləri içində heç sezilmədi də. Bunu necə etmək olar?  Cumhuriyyətimizin 100 illiyində düşmənlərə bundan gözəl hədiyyə ola bilməz. Quba Soyqırımının da 100-üncü ilində xalqa belə “sürpriz” etməzlər, “xidmət” göstərməzlər, cənablar! Xalqın tarixi ilə çay süfrəsində, ya yemək yeyə-yeyə beləmi oynayırlar? O məzarlığın təsadüf nəticəsində aşkar olunmasına tarixi dəlil kimi sevinənlər, necə oldusa, birdən -birə İslam dininin qayda qanunlarını  xatırladılar. Sən demə, qurbanların elə aşkar məzarlığı doğru deyilmiş. Biz yenicə İslam dininimi qəbul etdik? Milli Məclisin deputatı Vahid Əhmədovun dilindən deyilən xəbərə görə, məzarlığı açıq şəkildə qorumaq mümkün deyilmiş.

Dünya standartlarından, tarixi eksponatların qorunmasından ağız dolusu danışanlar bəs nə işlə məşğuldurlar? Ölkənin tarixçiləri harada mürgüləyirlər? Məgər o soyqırım qurbanlarının torpağını xüsusi şüşə kompleksdə saxlamaq olmazdımı? Erməni bolşeviklərinin müəllifi olduğu soyqırım “əsəri”ni təzədən torpağa gömməklə nə demək istəyirlər? Və bundan sonra da Xocalı soyqırımını dünyaya sübuta yetirməyə başlayacaqlar. Bir neçə gün sonra erməni vəhşiliyindən hansı üzlə danışacaqları maraqlıdır. Quba kütləvi məzarlığı dəhşət saçırdı, ora gedən ermənipərəst əcnəbilərinin neçəsinin erməni sevgisini öldürmüşdü, fikrini dəyişmişdi. İndi  məzarlıq üzərində abidə ucaldacaqlar. İldə bir dəfə üzərinə  gül qoyub özlərini göstərmək üçün. Saxta kədərli baxışlarınız əksik olsun! Tarix yazanlarsa, kiriyiblər!