Rusiya Azərbaycanı hədələyir, ABŞ isə...

rusiya-azerbaycani-hedeleyir-abs-ise
Oxunma sayı: 2925


Rusiya prezidenti Vladimir Putin gəldi və getdi. Əlbəttə bu gəlişin bir çox nüansları barədə səfərdən əvvəl də sonra da yazıldı. Amma mənim üçün maraqlı məqam Qarabağ münaqişəsi ilə bağlı Səslənəcək fikirlər idi.

Əslində heç nəyin baş verməyəcəyi, yəni nəyinsə baş verəcəyinə səbəb olacaq nüansların olmayacağı əvvəldən bəlli idi. Və acı da olsa bu gözləntilər doğruldu.

Yüksək səviyyəli görüşdən sonra hər iki prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaranmasından və beynəlxalq təşkilatların konfliktin həlli ilə bağlı qətnamələrinin yerinə yetirilməməsindən təəssüfləndiyini bəyan etsə də, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində mühüm rol oynadığını bildirib.

Cavabında Vladimir Putin həmişə dediyi sözləri təkrarladı: “Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır”.

Azərbaycan Prezidentinin bir fikrini də yada salmaq istəyirəm: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kağız üzərində qalır”.

Bu yerdə erməni silahlı qüvvələrinə rəhbərlik edən şəxsin bir fikrini diqqətinizə çatdırım. Ötən ay jurnalistlərlə söhbətində Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib: “Azərbaycan Silahlı Qüvvələri bizi narahat etməyə bilməz. Amma biz nəzərə almalıyıq ki, bizim strateji tərəfdaşımız Rusiya ilə əməkdaşlığımız elə yüksək səviyyədədir ki, regionda qüvvələr balansını həm kəmiyyət, həm də keyfiyyət baxımından saxlaya bilərik”.

Əlbəttə Seyran Ohanyanın dediklərinə yeni heç nə yoxdur. Ermənistanın Rusiyaya arxalanması yenilik deyil. Baxmayaraq ki, Seyran Ohanyan Azərbaycanın sürətlə silahlanmasından narahatlığını dilə gətirir, amma...

Amma Vladimir Putinin Bakı səfəri ərəfəsində erməni nazirin açıq şəkildə Rusiyaya güvənməsini dilə gətirməsi vəziyyətin tezliklə dəyişməyəcəyindən xəbər verir.

“Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır” deyəndə Rusiya dövlət başçısı nəyi nəzərdə tutduğunun açması məhz Ermənistanın müdafiə nazirinin bəyanatındadır. Yəni ki, Azərbaycan müharibə başlasa qarşısında Rusiyanı görəcək.

O ki, qaldı ABŞ və Qərbin münasibətinə...

ANS-in Vaşinqton təmsilçisi Sevinc Osmanqızına müsahibə verən amerikalı ekspert Ariel Koenin dedikləri bütün sualların cavabı ola bilər: “Qarabağ Amerika üçün elə də vacib münaqişə deyil”.

Vəssalam.

Bütün bunlardan sonra Azərbaycan üçün “nə etməli?” sualına cavab axtaranda bircə variant qalır: Ermənistanı təcrid siyasətini davam etdirmək və bu istiqamətdə daha ciddi və sərt addımlar atmaq.

Hələlik bu qədər.